“Baş məşqçi olaraq qarşıma vəzifə qoyulub. Ya çempion olmalı, ya da pley-offla I Liqaya yüksəlməliyik. Mən isə özümə söz vermişəm ki, çempion olaraq I Liqaya yüksələcəyik. Ona görə də buna nail olmağa çalışırıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qaradağ-Lökbatan”ın baş məşqçisi Qəzənfər Abbasov deyib.
Mütəxəssis II Liqanın XVIII turunda “Göygöl”ü 7:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb: “Rəqib turnir cədvəlinin ortalarında qərarlaşıb. Lakin ilk dəqiqələrdən planımız bu idi ki, hücum edək və qolları tez vuraq, oyunun taleyini erkən həll edək. Futbolçular sağ olsunlar, birinci hissədə lazım olan qolları vurdular, ikinci hissə daha rahat keçdi. Ümumilikdə oyunda bütün üstünlük bizdə idi. Bolqollu, maraqlı qarşılaşma oldu. Futbolçularımı və klub rəhbərliyini təbrik edirəm”.
Abbasov lider “Xankəndi” ilə aralarındakı 3 xallıq fərqi qarşıdakı turlarda aradan qaldıracaqlarına inandığını bildirib: “Çempionat başlayanda düşünürdük ki, “Quba”, “Şirvan”, “Şəmkir” də çempionluq uğrunda mübarizə aparacaq. Amma hazırkı vəziyyətdə “Quba”nın nə pley-off, nə də çempion olmaq şansı qalıb. Bizdən 9 xal geridədirlər və qarşıda da ağır oyunlar var. Əsas rəqibimiz “Xankəndi”dir. İnanırıq ki, növbəti turlarda yaxşı nəticələr qazanaraq liderliyə yüksələ bilərik”.






