Millimiz Sent Lüsiya yığması ilə oyunda tarixinin ən böyükhesablı qələbəsini qazandıqdan sonra “FIFA Series-2026” turniri çərçivəsində növbəti görüşünə çıxacaq. Budəfəki rəqib də nəhəng komanda sayılmır, amma Sent Lüsiya ilə müqayisədə daha ciddi komandadır. Ən azı FIFA reytinqində bizdən yüksəkdədirlər.

Həm də Afrika qitəsində barmaqarası yanaşılacaq komandalar olmur. Bəli, Syerra Leone “qara qitə”nin öndə gedən futbol ölkələrindən sayılmır. Amma tarixlərində 3 dəfə Afrika Millətlər Liqasının final mərhəsinə vəsiqə qazanıblarsa, başqa sözə ehtiyac yoxdur. Məsələn, bizim millimiz həmin qitədə oynasaydı, 3 dəfəni bir kənara qoy, 1 dəfə də olsun bunu bacarardımı? Bəlkə də bacarardı, amma bu artıq cavabı olmayan sualdı. Hələlik biz cavabı məlum olacaq sual haqda baş sındırmalıyıq. Syerra Leone millisinin gücü nədədir?

Tarixdə ilk oyunu 1949-cu ildə Böyük Britaniya imperiyasının tərkbində olan Nigeriyaya qarşı keçirən Syerra Leone uzun illər Afrika qitəsinin autsayderlərindən olub. Məlum məsələdir ki, tarixləri ərzində heç vaxt dünya çempionatına vəsiqə qazana bilməyiblər. Amma müəyyən dövrlərdə seçmə mərhələlərdə rəqiblərinə ciddi müqavimət göstəriblər. Məsələn, bu yay keçiriləcək mundiala vəsiqə uğrunda oyunlarda 4 qələbə və 3 heç-heçə ilə yadda qalıblar. A qrupunda Misir, Burkino Faso, Qvineya-Bissau, Efiopiya və Cubuti millilərinin əhatəsində 3-cü yeri tutublar. Evdə Misirlə Burkino Faoya uduzsalar da, digər rəqiblərini əliboş yola salıblar. Səfərdə isə yalnız qrupu lider başa vuran Misir seçməsinə uduzublar.

O ki qaldı Afrika Millətlər Kubokunun final mərhələsindəki çıxışlarına, rəqibimiz bunu 1994, 1996 və 2021-ci illərdə bacarıblar. 1994-cü ildə turniri 10-cu, 2 il sonra 13-cü, 5 il əvvəl isə 18-ci yerdə başa vurublar. Bu komanda Qərbi Afrika ölkələri arasında təşkil olunan “Amilcar Cabral Cup” turnirində 2 dəfə çempoinluq sevinci yaşayıb – 1993 və 1995. 1984 və 1986-cı illərdə isə bu turniri 2-ci pillədə başa vurublar.

Yeri gəlmişkən, bu komanda tarixində faciəvi bir hadisə də yaşayıb. Belə ki, 2014-cü ilin avqust ayında, Ebola virusunun Syerre Leone ərazisində yayılmasının qarşısını almaq məqsədilə yerli futbol assosiasiyası bütün futbol oyunlarını ləğv edib. Bu qərar Liberiya Futbol Assosiasiyasının oxşar addımından bir həftə sonra verilib. Xaricdə oynayan Syerre Leone futbolçuları, məsələn ABŞ-da oynayan Maykl Lahud digər komandaların oyunçuları tərəfindən diskriminasiyaya məruz qalıb. Belə ki, rəqib oyunçular onunla formanı dəyişməkdən, əl sıxmaqdan imtina ediblər. O, hətta müəyyən stadionlara da bu buraxılmayıb. İş o həddə çatıb ki, epidemiya səbəbindən Syerre Leone milli komandası ev oyunlarını keçirə bilməyib və bu komanda neytral ərazidə bütün oyunçuları xaricdə oynayan futbolçulardan ibarət heyətlə meydana çıxıb.

Syerra Leone millisi ölkəmizə xaricdə oynayan 20 legioneri ilə gəlib. Bəli, yerli çempionatda cəmi 5 oyunçusu top qovur. Bizimlə müqayisədə yetərincə yaxşı, hətta əla göstəricidir. Doğrudur, “böyük beşlik” ölkələrinin əsas çempionatlarında oynayan cəmi 1 oyunçuları var. Söhbət Fransanın “Nitsa” klubunda çıxış edən 19 yaşlı müdafiəçi Cuma Badan gedir. Transfer hüququ “Mançester Siti”yə məxsus olan futbolçu “Nitsa”nın heyətində 21 oyunda meydana çıxıb. Hətta icarə əsasında “Lans”da da oynayıb. “Siti” bu futbolçunu ötən yay “Valyadolid”dən qoparıb və Fransaya təcrübə keçməyə yollayıb. Amma onun sifət cizgilərinə baxarkən, təmiz 19 yaşında olmasına da şübhə edirsən. Afrikada yaş saxtalaşdırması adi bir haldır. Burada bəzən sənəd problemi gec qaydasına düşdüyünə görə də belə problemlər yaşayır. Hər halda, bizimlə oyunda meydana çıxanda müəyyən suallara cavab tapa biləcəyik.

Amma Syerre Leone millisində ABŞ-nin “Harford Atletik”indən müdafiəçi Emmanuel Samadia, Gürcüstanın “Samqurali”sindən arxa xətt oyunçusu Abdullaye Kabia, İslandiyanın “Vikinqur”undan yarımmüdafiəçi Kvame Quee, İsrailin “Hapoel Raanana”sından orta xətt oyunçusu Saidu Fofana, İngiltərənin “Linkoln Siti”sindən xavbek Kamil Konte, BƏƏ-nin “Baniyas”ından hücumçu Əlhassan Koroma, Almaniyanın “Hannover”indən forvard Mustafa Bundu, İngiltərənin “Kembric Yunayted”indən ön xətt oyunçusu Sullay Kaykay və Yaponiyanın “Hokkaydo Konsodole Sapparo”sundan qoleodor futbolçu Amadu Bakoyoko kimi təcrübəli oyunçuları var. Yeri gəlmişkən, “Barnet”də oynayan İdris Kanu və İtaliyanın “Kazertana” komandalarında çıxış edən Yaya Kalon kimi hücumçuları millidə çox şans qazana bilməyiblər.

Yeri gəlmişkən, Danimarkanın “Mityulland” və İngiltərənin “Vest Bromviç” komandalarında top qovan futbolçuları da var ki, onların da milli komandada önəmli çəkisi yoxdur. Amma “Vest Bromviç”dəki yarımmüdafiəçi Hindolo Mustafa yığmada meydana çıxdığı 3 oyunun 1-də fərqlənməyi bacarıb.

mohamed kallon celebra con efusividad un gol con el inter twitter.jpg.9e0c3d7d2644cff8a0407fd4490df35b - Futbolinfo.az

Syerra Leone millisinin baş məşqçisi Mohamed Kallon 1995-2002-ci illərdə futbolçu kimi bu formanı geyinib. Hücumçu mövqeyində çıxış edən Kallonu sizə təqdim etməyə də ehtiyac yoxdur. Bəli, vaxtilə onun oyununu “İnter” və “Monako” kimi komandaların heyətində izləmişik. 2014-cü ildə vaxtilə (2002-ci ildə) öz vəsaiti hesabına yaratdığı və öz soyadını daşıdığı “Kallon” klubunda karyerasını başa vuran  Mohamed Kallon ötən ildən millinin “sükanı arxasına” keçib. Bu onun məşqçi kimi ilk iş yeridir. Hərçənd öz klubunda da məşqçi kimi belə desək, “dilxoşluq edib”. Hərçənd onun məqsədi akademiya yaradıb ölkə futboluna istedadlar qazandırmaq olub.

Bəli, öz ölkəsi üçün belə “savab işlər” görən adamın komandasının nəyə qadir olduğunu öz gözümüzlə də görəcəyik. Keçirdikləri son 4 oyunda yalnız 1 dəfə uduzublarsa, işimiz bir qədər çətin olacaq. Yeri gəlmişkən, Sent Lüsiya millisi kimi Syerra Leone komandası da bizim tismsalımızda tarixində ilk dəfə UEFA zonasında komanda ilə üz-üzə gələcək.

TAHİR MİRZƏ

Shares: