Canni de Byazinin başçılıq etdiyi komanda bu turniri qazansaydı, havadarları yəqin ki, onun üçün 3-4 illik yeni müqavilə hazırlayar, təsdiqlədər, imzaladardı. Amma “FIFA Series – 2026”-da indiki AFFA rəhbərliyinin prinsipiallığı ilə posta gətirilən yerli məşqçi uğur qazanıb deyə sanki onu kölgələməyə cəhd var.
Milli komandamız böyük hədəflər uğrunda mübarizə aparacaq gücdə deyil. Çünki potensial yoxdur. Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün illərlə monopoliyada saxladığı, şəxsi biznes obyektinə çevirdiyi Azərbaycan futbolu bərbad vəziyyətə salınıb, kifayət qədər kadr yetişdirilməyib. Oyunçu tapılmayınca istedadlı gənclərə yol açılması, onların yetişdirilməsi düşünülməyib, 200-dən çox əcnəbi milliləşdirilib, müxtəlif yığmalara cəlb olunub. Onlar yararsız olduğundan əksəriyyəti 1-2 matç oynadıqdan sonra lazımsıza çevrilib. Sadəcə, müəyyən müddət üçün boşluq doldurulub, gün yola verilib. Strateji düşüncə, gələcəyə yönəlmiş planlar olmayıb.

İndi bunun acısını hamımız çəkirik. Ayxan Abbasov bəlkə də tarixin ən zəif heyətlərindən biri ilə işləməyə məhkumdur. O, istedad, bacarıq əskikliyini əzmkarlıqla, döyüşkənliklə sığortalamağa çalışır və bunu bacarır. Belə yanaşma ilə isə böyük hədəflərə köklənmək mümkün deyil, ustalıq olmadan böyük uğurlar əlçatmazdır.
Dünən Syerra Leone ilə matçda məhz bunu gördük. Zəif Sent Lüsiyanın darmadağınından sonra Afrika təmsilçisinə də eyni aqibəti yaşatmaq mümkünsüz idi. Ortada komandalar arasında səviyyə fərqi var idi. FIFA reytinqində irəlidə olan rəqib amerikalılarla müqayisədə daha döyüşkən idi, matçın startında bir az da kobudluqla, sərtliklə yığmamızın oyununu poza bildilər. Vurduqları qol isə hakimlərin vicdanına yazılmalıdır. Bununla belə, millimiz özündə güc tapıb bərabərliyi təmin edə, ən əsası, daha yaxşı oynaya bildi. Penaltilər seriyası isə bir növ lotereya idi və futbolçularımız dəqiqliyi ilə hətta bizi təəccübləndirdi də.
Qazanılan kubok daha çox motivasiya mənbəyi olacaq. Millətlər Liqasında uğur qazanmaq üçün toparlanmağa çalışan yığma indi daha inamlı oynamalıdır. Payızadək Abbasov heyəti bir az da komplektləşdirməli, məhdud heyəti daha da ələyib ən yaxşıları seçməlidir. Asan olmayacaq, amma eyni ruhla davam edərək döyüşmək mümkündür.

Syerra Leoneni udmaq qəhrəmanlıq deyil. Bizə bab olan rəqibi evdə, həm də penaltilər seriyasında yenmişik. Afrikalılar reytinqdə bizdən 7 pillə öndədir. Reytinqi ona görə xatırlatdım ki, yığmamızın əcnəbi məşqçilərindən olan de Byazi hər uğursuzluğunda rəqibin reytinqdə bizdən öndə olduğnu vurğulayar, məğlubiyyətə don geyindirərdi. Deməli, istəyəndə, işi düzgün quranda hətta reytinqdə üstün olan rəqibi də məğlub etmək olur.
FƏRİD
P.S.: Canni de Byazi yığmamızdan ayrılandan bəri – 2 ildir işsizdir. O, yığmamıza gələnədək 3 il heç kimə lazım olmamışdı. Azərbaycanda işləyəndə az qala hər gün haradansa “təklif alması” barədə xəbərlər çıxırdı. Belə bacarıqlı və tələbolunan biridirsə, niyə indi kənardadır?





