“AD ÇƏKMƏDƏN OLMAZ” rubrikasının növbəti qonağı Rəşad Abdullayevdir. “Xəzər Lənkəran”, “Neftçi”, “Qəbələ” klublarının, həmçinin Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi müxtəlif suallar üzrə vaxtilə komanda yoldaşı olduğu futbolçuları yada saldı.

– Karyeranız ərzində birgə oynadığınız futbolçulardan ən istedadlısı…

– Futbol oynadığım dönəmdə çox istedadlı oyunçu ilə meydana çıxmışam. Biz yaxşı dövrə düşmüşdük. Həmin vaxt istedadlı futbolçular çox idi. Amma daha çox Zaur Tağızadə ilə Mahmud Qurbanovu qeyd edərdim. Doğrudan da, hər ikisi həm oyunu, həm də xarizması ilə Azərbaycan futbolunda ad qoymuş şəxslərdir. Təsadüfi deyil ki, biri “Qızıl oğlan”, digəri isə “Professor” adını qazanmışdı.

– Birgə oynadığınız futbolçulardan ən çalışqanı kim olub?

– Çalışqan oyunçularımız çox olub. Amma birgə oynadığım ən zəhmətkeş futbolçu kimi Ruslan Abışovu qeyd edərdim. Onun işgüzar olduğunu həmişə görürdüm. Məşqlə yanaşı, məşqdən əvvəl də, sonra da öz üzərində çalışırdı.

– Bəs birgə oynadığınız ən tənbəl futbolçu…

– Daha çox istedadlı futbolçular tənbəl olurlar. Bu mənada Zaur Ramazanovu qeyd edərdim. Çox istedadlı oyunçu idi. Amma məşq etməklə arası yox idi (gülür). Buna baxmayaraq, oyuna çıxanda gücünün və bacarığının 100 faizini meydanda qoyurdu. Matçlarda bizə çox köməyi dəyirdi.

– Keçmiş komanda yoldaşlarınız arasında ən ciddisi, zəhmlisi kim olub?

– Bizim dönəmdə elə futbolçuların sayı çox idi. Mən “Neftçi”də oynayanda komandamızda İqor Mitreski çıxış edirdi. Olduqca təcrübəli oyunçu idi. Ciddiyyəti, zəhmi, xarakteri ilə həm meydançada, həm də paltardəyişmə otağında bizə çox kömək edirdi. Həmin xasiyyəti bütün komandaya keçirə bilirdi.

– Birgə oynadığınız ən zarafatcıl futbolçu…

– Ruslan Əmircanov. Onun necə zarafatcıl olduğunu hamı bilir. 3 il “Neftçi”də komanda yoldaşı olmuşuq, bir otaqda qalmışıq. Yaxşı münasibətdə olduğum futbolçulardan idi. Meydançada da sağ cinahda çox vaxt bir yerdə oynamışıq. Maraqlı macəralarımız olub. Həddən artıq zarafatcıl adamdır.

– Bir yerdə oynadığınız futbolçulardan ən dalaşqanı kim idi?

– Dalaşqan, sarı və qırmızı vərəqələrə meyilli bir futbolçumuz var idi – Robert İlyeş. Onunla “Xəzər Lənkəran”da komanda yoldaşı olmuşam. Rumın futboluna xas olan xüsusiyyətlər İlyeşdə var idi. Ən dalaşqan futbolçu kimi ağlıma o gəlir.

– Sabiq komanda yoldaşlarınız arasında ən çox pul xərcləyən kim olub?

– “Neftçi”də oynadığım vaxtda komanda yoldaşlarımla yığışıb bir yerdə oturanda onun tərəfdarı olmuşuq ki, hamının əli cibinə getsin. Bu mənada daha çox Mirhüseyn Seyidovu qeyd edərdim. Mən “Neftçi”də çıxış etdiyim vaxt o, gənc futbolçumuz idi. Mirhüseynlə yanaşı, Rail Məlikov və Ruslan Abışovun da adını çəkməliyəm. Bu uşaqlar biz oturanda qoymazdılar ki, kimsə əlini cibinə atsın, həmişə özlərini qabağa verirdilər.

– Bəs birgə oynadığınız ən simic futbolçu…

1455515658 emil mpenza - Futbolinfo.az

– Emil Mpenza. Ulduz futbolçu idi, “Neftçi”də bir yerdə oynamışıq. Onu görəndə dəhşətə gəlirdik. Çox simic adam idi. “Neftçi” ilə böyük müqavilə imzalamışdı, Azərbaycan səviyyəsində ən çox pulu həmin vaxt o alırdı. Buna baxmayaraq, ancaq bazada yemək yeyirdi ki, əlavə pulu çıxmasın. Olurdu ki, uzun məsafəni ayaqla qət edirdi. Əsla pul xərcləmək istəmirdi.

– Birgə oynadığınız futbolçulardan ən savadlı kim olub?

– Ən savadlı futbolçular kimi daha çox qapıçıları görmüşəm. Həmin qolkiperlər otaq yoldaşım olublar. Dmitri Kramarenkonun adını çəkərdim. Bir də Ramiz Kərimovu qeyd etmək istəyirəm. Mən otaqda istirahət edəndə baxırdım ki, onlar kitab oxuyurlar. Bizim dövrdə smartfon, planşet yox idi.

– Sabiq komanda yoldaşlarınız arasında ən çox yalan danışan kim idi?

– Yalan danışan deməzdim, hər şeyi şişirdən deyərdim. Bu xüsusiyyət Kamran Ağayevdə var. Fantaziya ilə danışmağı, hər şeyi bir az şişirtməyi xoşlayır. Mən “Xəzər Lənkəran”da çıxış edəndə o, gənc qapıçımız idi. Çox istedadlı idi, təzə-təzə Kamranı tanımağa başlayırdılar.

– Birgə oynadığınız futbolçulardan ən çox yemək yeyən…

maxresdefault - Futbolinfo.az

– Ruslan Əmircanov pis deyildi (gülür). Bayaq dediyim kimi, bir otaqda qalmışıq. Mən az yeyən futbolçu olmuşam, oynadığım vaxtlarda güclü iştahım yox idi. Ruslan görürdü ki, bir gözüm onun üstündədir, elə bil, mənim acığıma ikinci qabı da yeməklə doldurub gətirirdi, meyvə şirələrini bir-birinin ardınca içirdi. Baxırdım ki, adamın ağzı dayanmır. Daşdan yumşaq nə var, yeyirdi.

FƏRİD

Shares: