Ukrayna millisinin sabiq futbolçusu İqor Xudobyak yığmanın DÇ-2026-nın seçmə və pley-off mərhələsindəki çıxışını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın gözləniləndən zəif nəticələr əldə etdiyini bildirib.
O, seçmə mərhələdə Azərbaycan millisi ilə 1:1 hesabı ilə başa çatan Bakıdakı qarşılaşma barədə də danışıb: “10 xallıq şkala üzrə Ukrayna millisinin seçmə mərhələdəki çıxışını 5-6 arasında qiymətləndirərdim. Qrupdakı ilk oyunlar çox çətin keçdi. Xüsusən də Azərbaycanla səfər matçı zəif alındı. Komanda qrupda ikinci yeri tutsa da, yaxşı oynamadı. Pley-offdakı rəqib İsveç bizdən heç də güclü deyildi. Ancaq futbolçularda gözlənilən istək yox idi. Düşünürəm ki, yeni baş məşqçiyə ehtiyac var. Sergey Rebrovla yolları ayırmağın vaxtıdır”.
Qeyd edək ki, Azərbaycan millisinin də yer aldığı qrupda ikinci yeri tutan Ukrayna yığması pley-offun yarımfinalında İsveçə uduzaraq, dünya çempionatına vəsiqə qazanmaq şansını əldən verib.





