Azərbaycan U-21 millisinin və “Qəbələ”nin üzvü Eşqin Əhmədovun futbolinfo.az saytına müsahibəsi
–U-21 son matçda Bolqarıstanla heç-heçə etdi. Matç barədə düşüncələriniz necədir?
– Maraqlı oyun keçdi. Qələbə qazanmaq istəyirdik, qol epizodlarımız da oldu, amma onlardan yararlana bilmədik. Rəqib də qalib gəlmək istəyirdi, buna görə qarşılıqlı hücumlar izlədik. Düşünürəm ki, bir xal hər iki komanda üçün ədalətli nəticədir.
– Sizcə, komanda bu oyunda qələbə qazana bilərdi? Rəqib hətta azlıqda da oynadı…
– Biz qələbə üçün meydana çıxmışdıq və qazanmaq istəyirdik. Amma alınmadı. Rəqib komanda da yaxşı mübarizə aparırdı. 82-ci dəqiqədən sonra azlıqda qaldılar, çalışdıq tempi artıraq və qol vuraq, amma mümkün olmadı. Yenə də düşünürəm ki, heç-heçə ədalətli nəticədir.
– Evdə Portuqaliyaya 0:4 hesablı məğlubiyyəti gözləyirdiniz?
– Rəqibin keyfiyyətli oyunçulardan ibarət olduğunu bilirdik. Ən azından çalışırdıq ki, bir xal qazanaq. Birinci hissədə hesab bərabər idi, amma ikinci hissədə rəqib qol vurmağı bacardı və üstünlüyünü artırdı.
– Misli Premyer Liqasının 26-cı turunda “Qəbələ”nin “Kəpəz”lə oyunu olduqca vacibdir. Bu matçda qalibiyyət əldə etmək üçün sizə nə lazımdır?
– Bu oyunda mütləq qələbə qazanmalıyıq. İnşallah, öhdəsindən gələcəyik. Komanda yoldaşları ilə birlikdə xarakterli mübarizə aparıb, məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirsək, qələbə qazanarıq.
– Sizcə, liqada qalmaq şansınız necədir?
– Çempionatın bitməsinə hələ var. Əlbəttə ki, xilas ola bilərik. Hətta daha yüksək pillələrdə də qərarlaşa bilərdik. Hələ də şansımız var, çalışıb maksimum xal toplayaraq mövsümü daha yuxarı pillədə başa vurmaq istəyirik.
AĞA






