“Komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqlə birinci pillədə olduğumuzun fərqindədir. Liderliyimizi davam etdirərək çempionluq uğrunda mübarizəni davam etdirəcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan I Liqasında mübarizə aparan “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Çalışdırıcı XX turda səfərdə “Mingəçevir”ə 2:5 hesabı ilə uduzduqları matçı şərh edib. Kərəmli cari mövsümdə ilk, həm də böyükhesablı məğlubiyyətin səbəblərini belə izah edib: “Bəli, II Liqadan bəri ilk məğlubiyyətimizdir. Azərbaycan Kubokunda “Qəbələ”yə uduzduğumuz (1/8 final, 1:2 ) oyunu çıxmaq şərtilə… Sadəcə alınmadı. Bu gün bir çox epizodlarımız oldu, hesabda önə də keçə bilərdik. Rəqib də çoxlu qol şansları yaratdı. Oyunun sonlarında isə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Lakin qapımızda üçüncü qolu gördük. Bir müdafiəçini hücumçu ilə əvəzlədik, digərini isə irəli göndərdik ki, hesabı bərabərləşdirək. Amma irəli atıldığımız anda müdafiə xəttində boşluqlar verdik və yenidən qol buraxdıq. “Mingəçevir” bu şanslardan maksimum yararlandı”.

Paytaxt klubunun baş məşqçisi çempionluq mübarizəsinə əvvəlki istəklə davam edəcəklərini bildirib: “Məğlubiyyətdən nəticə çıxarıb növbəti oyunlarda qələbə seriyası yaratmağa çalışacağıq. Məqsədimiz yaxşı oyun göstərərək mövsümün sonunda çempion olmaqdır”.

Qeyd edək ki, hazırda 45 xalı olan “Şəfa” “Bakı Sportinq” və “Səbail”dən 8 xal fərqi ilə turnir cədvəlinə liderlik edir. “Mingəçevir” isə 36 xalla 4-cü pillədə qərarlaşıb.

Shares: