Ehtiram Quliyevin açıqlamaları qulağa xoş gəlir, futbola intriqa qatır, İdarə Heyətinin sədri olduğu “Turan Tovuz” azarkeşlərinin könlünü oxşayır. Elə mətbuata da belə açıqlamalar maraqlıdır. Gündəm olur, diqqət yaranır.

Lakin ciddi adamlar sözünü yüz ölçüb bir biçərək demək məcburyyətindədir. Deyilən hər söz bumeranqdır, əvvəl-axır geriyə dönür, sərhədləri aşmısansa, haqqa girmisənsə, ədalətsiz davranmısansa, bunun fəsadı daha pis olur.

30 ildir Azərbaycan futbolunun içində olan, onun hər üzünü görən biri kimi Quliyevin səhv etdiyinə əminəm. Zaman özü onu öz dəyirmanında üyüdəcək. Artıq neçənci dəfədir oxşar yanlış addımlar atan Ehtiram bəyin dünənki çıxışı onun sonunun başlanğıcı olacaq. Heç bir vəzifəsi olmadan vəzirlik edən Nəsimi Paşayevin ağlıyla hərəkət etməyin cəzasını klub prezidenti tezliklə çəkəcək.

Dünənki matçda hakim səhvinin olub-olmadığına toxunmayacam. Bu məsələyə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun izahatından sonra qayıdacağam. Ümid edirəm ki, o, oxşar epizodlarda verilən fərqli qərarların səbəbini əsaslandıracaq. Lakin hətta hakim səhv edibsə də, bunun üçün müvafiq instansiyalar, etirazetmə yolları var, mətbuat önünə çıxıb çayxana söhbəti etmək Qulyevə yaraşmadı. Amma nəsimilərin ağzından çıxanı qanun bilən adama elə yaraşdı da…

Ehtram bəy açıqlamasında incə məqamlara toxunub. İnsanların dini baxışlarını məsxərəyə qoymaq doğru deyil. Sənin öz klubunda “oturub su içənlər”in sayının az olmadığını nəzərə alsaq, deməli, rişxəndin, eyhamın təkcə Əliyar Ağayevə və rəqib düşərgəyə deyil. Eyni düşüncə sahibi olan yüzlərlə insan var və bir çoxuna “qardaş” demisən, fotolarını “Hünər”in zallarında sərgiləmsən. Deməli, ya səmimi deyilsən, ya da kimsə səni qaza gətirib.

Şəxsən mənim üçün dini baxışlar prioritet deyil, Tovuzun çəkmə arağından dadanları da, qatı dindarları da eyni məsafədə saxlayıram. Hərənin öz yolu var, heç birində ifratı dəstəkləmirəm, o yolu seçənləri də qınamıram. Amma Quliyev kimi dünən “qardaş” dediklərini bu gün hədəfə gətirəcək qədər “nəsimişünas” da deyiləm.

Bu məsələnin bir tərəfi. Açıqlamanın azarkeşlərlə bağlı hissəsi daha çox müzakirə olunmalıdır. Ehtiram bəy tovuzluları AFFA-ya üsyana qaldırması qorxulu tendensiyadır. Bu, mümkün iğtişaşlara rəvac vermək, təhrik etməkdir və cəzası təkcə futbol qurumları tərəfindən verilməməlidir. Məzhəblə bağlı eyhamları da bir qovluğa qoyub Quliyev üçün araşdırma dosyesi hazırlanmalıdır.

Quliyevin futbola AFFA prezidenti olmaq iddiası ilə gəldiyi haqda şayiələr çoxdan var və deyəsən, ona Hesabat Konfransının baş tutduğu gün su bulandırmaq tapşırığı verilib. Özü bilər, amma əmin olsun ki, belə açıqlamalar vəzifəyə yox, zirzəmiyə aparan yola düzülən pilləkəndir.

İndi növbə AFFA-dadır. İttihamçı kimi çıxış edən digər klublara (sonuncu dəfə “Neftçi”yə – müəl.) necə cavab verilmişdisə, “Turan Tovuz”un rəhbəri barədə də eyni ölçü götürülməlidir. AFFA ən uğurlu FIFA referisini qoruya bilməyəcəksə, deməli, bu xaosda maraqlı olanların dəyirmanına su tökəcək. Mövsümə 4 dəfə stadion dəyişməsinə göz yumulan, ciddi hakim yardımları sayəsində 3-cü pilləyə qalxan komandanın rəhbərinin çıltaqlığına cavab verilməlidir.

Quliyevin haqqını haram etdiyi Əliyarla bağlı iki xatırlatma da edək. Cari mövsümün 3-cü turunda “Neftçi”nin müdafiəçisi İqor Ribeyroya yersiz “qırmızı” veriləndə, bakılılar hakim sayəsində məğlub olanda da fit çalan Ağayev idi. Yoxsa həmin oyunda hansısa “haqq” olub və indi o “haqq” harama çevrilir? Və ya 25-ci turun “Qəbələ” ilə görüşündə VAR-da əyləşən Əliyarın gözünü “nəsə” tutub ki, o qola səbəb olan,meydanın içindən atılan autu görə bilməyib?!

Ehtiram bəyin üsyana səslədiyi azarkeşlər də diqqətli olmalıdır. Onara çempionluq və kubok vədi verilmişdi. Qızıl medalların xəyal olduğu öncədən bəlli idi, indi isə kubok əldən çıxır. Əsl fanatlar dünənki məzmunsuz oyunun, rəqibə bütün komponentlərdə uduzmağın səbəbini tapmalıdır. Klub rəhbərliyi uğursuzluğu hakimlərə qara yaxmaqla unutdurmaq istəyir. Halbuki həmin hakimlər elə son turlarda İbrahima Vadjiyə, Filip Ozobiçə layiq olduqları qırmızı vərəqələri verməməklə komandaya xeyli kömək ediblər. Yuxarıda adaladığımız faktları da nəzərə alsaq…

Quliyev çox tezlklə yenidən jurnalistləri axtaracaq, hansısa oyundan sonra açıqlama vermək üçün media əhlinin ona yaxınlaşmasını gözləyəcək. Ötən il Şamaxıdakı “dumanlı matç”la bağlı verilən bəyanatdan sonra 20 min manat cərimə olunmuşdular və Ehtiram bəy üzrxahlıq videosu ilə vəziyyəti düzəltmişdi. Amma bu dəfə elə mətləblərə varıb ki, üzrxahlıq videosu da işə yaramayacaq.

VÜSAL MAHMUDOV

Shares: