AFFA-da idarəçilik yekdil deyil. Qurumda sanki ikitirəlik var.

Futbolinfo.az xəbər verir ki, idarəçilikdən uzaqlaşdırılan köhnə rəhbərlik sanki U-20 yığmasının timsalında “muxtar respublika” yaradıb. Vitse-prezident Elşad Nəsirovun dəstəsi ümidlərini bu komanda ilə yaşatmağa çalışır. Vaxtilə Elxan Məmmədovu ən yüksək səlahiyyət sahibi edənlər onun bacarıqsızlığı üzündən “vurulmasından” sonra kənara çəkilib, lakin əlləri hələ də uzundur.

İctimai təzyiqə baxmayaraq, U-20-yə əcnəbi məşqçi gətirməyi bacaran Nəsirov və dəstəsi burada yenidən “yuvalanır”. Əsas milli komandaya da legioner məşqçi gətirmək üçün dəridən-qabıqdan çıxan dəstə üzvləri hələlik bütün planları 20 yaşadək futbolçular arasında dünya çempionatına bağlayıb. Ruy Jorje burada uğurlu olsa, əhatə dairəsini genişləndirməyə, yenidən AFFA-da hakimiyyəti ələ almağa çalışacaqlar.

Portuqaliyalı baş məşqçiyə məhz Vaqif Cavadovun köməkçi gətirilməsi təsadüfi deyildi. Jorjeni baş məşqçi postuna gətirən Riad Rəfiyev komandaya kənar şəxslərin buraxılmamasını prioritet seçmişdi. “Sumqayıt”ın menecer-prezidenti öz klubunda çalışan Cavadovu Jorjenin yanına göndərməklə buradakı yerli yardımçı probleminə də “əl qoydu”.

İndi isə bəlli olur ki, hətta komandanın həkimi də sabiqlərin kadrı olacaq. İllərdir əsas millidə çalışan, Ayxan Abbasovun baş məşqçi təyin olunmasından sonra kənara atılan Vyaçeslav Xomenko U-20-də çalışacaq. Əsas yığmada qruplaşmaların yaradılmasında rol oynayan, işinə səhlənkar yanaşan, həkimlikdən daha çox başqa işlərlə məşğul olan ukraynalı himayədarları sayəsində yenidən iş başındadır.

Tezliklə Cahangir Həsənzadəni də U-20-də hansısa postda və ya qarşıdakı dünya çempionatıyla bağlı işçi qrupda görsəz təəccüblənməyin. Məmmədov və Nəsirov yenidən futbol sahəsində söz sahibi olmaq üçün AFFA-dan əl çəkmir və kadrlarını müxtəlif postlara yerləşdirirlər.

Shares: