Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında 3 oyun keçirilib.
Şübhəsiz, gecənin maraqlı qarşılaşması Denverdə baş tutub. Uzun müddət öndə olmasına baxmayaraq, “San Antonio Spörs” qələbəni əldən verib. Meydan sahibləri əsas vaxtda hesabı bərabərləşdirməyə, overtaymda isə qalib gəlməyə müvəffəq olublar – 136:134. Nikola Yokiç oyunu 40 xal, 8 ribaund və 13 asistlə tamamlayıb. Qonaq komandada Viktor Vembanyama isə 35 xal, 18 ribaund, 7 asist və 5 blokla oynayıb. Bu məğlubiyyət “Spörs”ün konfransda birinci yeri tutmaq şansını demək olar ki, heçə endirib.
Şərq konfransının lideri “Pistons” Keyd Kanningemin yoxluğuna baxmayaraq Filadelfiyada qələbə qazanıb – 116:93. Bu qələbə sayəsində detroytlular konfransda birinci yeri rəsmiləşdirib.
Günün digər oyununda “Mayami Hit” evdə “Vaşinqton Vizards”ı darmadağın edib – 152:136.






