AFFA-nın son Hesabat Konfransında qurumun baş katibi Cahangir Fərəcullayev infrastruktur sahəsində planlaşdırılan işlərə aydınlıq gətirdi. O, “Bayıl Arena”nın cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacağını bildirdi.
Ümumiyyətlə, bu stadion gələcəkdə uşaq-gənclər futbolunun mərkəzi kimi fəaliyyət göstərəcəyindən, çempionat oyunlarına ev sahibliyi etməyəcək. Bəs, oyunlarını Bayılda keçrən I Liqa təmsilçisi “Səbail”in taleyi necə olacaq?
“Səbail” klubunun mövqeyini öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov ilə əlaqə saxladıq: “Mövsümün sonuna qədər Bayıl stadionundan istifadə ilə bağlı “Səbail” və AFFA arasında müqavilə qüvvədədir. Qeyd edim ki, bizim rəhbərlik də Konfransda iştirak edib və stadionun gələcəkdə uşaq futbolu üçün baza kimi istifadə olunması ilə bağlı fikir səsləndirilib. Lakin heç bir komandanın orada çıxış etməyəcəyi ilə bağlı konkret ifadə işlədilməyib. Mövsüm başa çatdıqdan və müqavilənin müddəti bitdikdən sonra AFFA ilə yenidən danışıqlar aparılacaq”.
GÜNAY SÜLEYMANOVA






