“İndiki vəziyyəti real qiymətləndirsək, elitada qalacağımıza inam azdır. Bununla belə, əsas məqsədimiz işimizi layiqincə yerinə yetirmək və klub üçün əlimizdən gələni etməkdir. Heç olmasa, komandamızın imicini qorumağa çalışmalıyıq”.

Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Vadim Abdullayev səsləndirib.

Yarımmüdafiəçi səfərdə “Qarabağ”a 0:7 hesablı məğlubiyyətə də münasibət bildirib. Abdullayev bu nəticəni karyerasının ən ağır məğlubiyyətlərindən biri kimi dəyərləndirib:

“Artıq nə deyəcəyimi belə bilmirəm. Bu, çox utandırıcı hissdir. Belə məğlubiyyətdən sonra istəyirsən ki, növbəti oyun tez gəlsin və bu biabırçılığı unutdursun. Karyeramda ilk dəfə idi ki, bu cür hesabla uduzurdum. Ümumiyyətlə, həyatımda görmədiyim və yaşamadığım şeyləri bu mövsüm ərzində yaşadım. Buna baxmayaraq, “Karvan-Yevlax”a keçdiyim üçün peşman deyiləm. Çünki insanın qismətində nə varsa, onu da yaşayır. Komandam üçün maksimum dərəcədə əlimdən gələni etməyə çalışmışam. Son saniyəyə qədər bütün gücümü ortaya qoymuşam və işimə qarşı vicdanlı olmuşam. Pis nəticələr əldə ediriksə, deməli, bu mərhələni yaşamalı idik. Psixoloji vəziyyətimiz də çox ağırdır. Bəzən özümüzə qarşı belə aqressiya yaranır. Nəticə olmayanda, rəqib qarşısında aciz görünəndə psixoloji cəhətdən sarsılırsan”.

Abdullayev növbəti turda “Kəpəz”ə qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb:

“Qarşıdakı oyunda rəqibimiz “Kəpəz”dir. Onlar da autsayderlər sırasında yer alsalar da, hazırkı vəziyyətləri bizdən daha yaxşıdır. Mövsümün sonuna 7 tur qalıb. Biz bu işdən dolanışığımızı təmin edirik. Ona görə də meydanda bütün gücümüzü qoymalı və üzərimizə düşən işi sona qədər yerinə yetirməliyik”.

GÜNAY SÜLEYMANOVA

Shares: