“Sabah” Misli Premyer Liqasının 26-cı turunun son matçında bu gün “Araz-Naxçıvan”la qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub. Litvalı mütəxəssis 4:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Sabah” ailəsini təbrik edirəm. Həqiqətən də, bu gün çox yaxşı qələbə qazandıq. Oyuna yaxşı başlamadıq, çoxlu səhvlər etdik və rəqib bundan yararlandı. Mən məmnunam ki, buraxdığımız qollara tez reaksiya verdik. Yaxşı epizodlarımız oldu, fərqlənə bilmədik. Amma mən çox xoşbəxtəm ki, bugünkü matçda qələbə qazandıq. Bu oyunu unudub növbəti matça hazırlaşacağıq.
Qarşıdakı oyunu düşünürəm, bu məni narahat edir. Yalnız və yalnız qarşıdakı matçları düşünürəm. Avrokuboklarda iştirakımızın rəsmiləşdiyini həqiqətən bilmirdim. Bu, bizim üçün böyük uğurdur. Mən, sadəcə komandamı təbrik edirəm. Bizim üçün önəmli olan qarşıdakı oyunlara köklənməkdir.
Məktəbdə riyaziyyat baxımından yaxşı olmamışam. “Levski” ilə matçdan sonra neçə faiz inkişaf etdimizi hesablaya bilmərəm. Həmin oyundan sonra 30-a yaxın rəsmi matç keçirmişik. Əlbəttə ki, inkişaf var”.






