“Sabah”ın səfərdə məğlubiyyətsiz, “İmişli”nin isə evdə qalibiyyətsizlik seriyası davam edib.
Futbolinfo.az saytının məlumatına görə, komandalar Misli Premyer Liqasının 26-cı turunda da seriyalarına sadiq qalıblar.
“Araz-Naxçıvan”ı üstələyən çempionatın lideri “Sabah” (4:2) bu mövsüm səfərdə məğlubiyyət üzü görməyib. Qəsəbə təmsilçisi qonaq olduğu 10 görüşdə qalib gəlib, 3 qarşılaşmada isə rəqibi ilə bərabərə qalıb.
“İmişli” isə öz meydanındakı 13 görüşün heç birində qalibiyyət üzü görməyib. Premyer Liqanın debütantı Qubada qəbul etdiyi “Turan Tovuz”la heç-heçə edib – 1:1. Bölgə komandası evdəki 5 matçda (1-i texniki) uduzub, 8 dəfə isə 1 xalla kifayətlənib.






