“Şamaxı”nın kapitanı Arsen Ağcabəyovun futbolinfo.az saytına müsahibəsi

– “Zirə” ilə çətin keçən matçdan (1:1) xalla ayrılmağı bacardınız. Oyunu və nəticəni necə şərh edərdiniz?

– “Zirə” yaxşı komandadır. Bu cür rəqiblə səfər oyunundan 1 xalla ayrılmağımız bizim üçün çox yaxşı nəticədir. Məğlubiyyətdən xilas olmaq üçün sonadək çalışdıq və məqsədimizə çatdıq.

– Bu görüşdə həm 10 nəfərlə qaldınız, həm də qapınıza penalti təyin edildi. Baş hakim Elçin Məsiyevin idarəçiliyini necə qiymətləndirirsiniz?

– Bəli, matçın gedişində meydanda 10 nəfərlə qaldıq. Amma baş məşqçimiz Ayxan Abbasovun tapşırığı ilə daha diqqətli olduq və oyundan qopmadıq. Hakimlik barədə isə danışmaq istəmirəm.

– Növbəti turda sizi “Qarabağ”la ağır sınaq gözləyir. Bu görüşdən gözləntiniz nədir?

– “Qarabağ” çempionatın ən güclü komandalarından biridir. Buna baxmayaraq, onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq.

– 7-ci pillədəki “Sumqayıt”dan hazırda cəmi 1 xal geridəsiniz. Qarşıdakı turlarda onları turnir cədvəlində qabaqlayacağınıza inanırsınız?

– Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. İnanıram ki, bu cür davam edəcəyimiz təqdirdə nəticə özü gələcək.

– Ayxan Abbasovun mövsümün sonunda “Şamaxı”dan ayrılacağı və yalnız millini çalışdıracağı deyilir. Sizcə, onun gedişi “Şamaxı”ya necə təsir göstərəcək?

– Ayxan müəllim “Şamaxı” üçün çox şey edib, yaxşı kollektiv formalaşdırıb. Əlbəttə, ayrılığının bizim üçün mənfi təsiri olacaq. Ayxan Abbasova milli komandada uğurlar arzulayıram. İnşallah, uğurlu nəticə göstərərik.

– Cari mövsümün sonuna cəmi 7 tur qalıb. Bu sezonu fərdi baxımdan özünüz üçün necə dəyərləndirirsiniz?

– Futbolçu oynadıqca daha yaxşı formaya düşür. Mən də kapitan kimi əlimdən gəldiyi qədər “Şamaxı”ya kömək olmağa çalışıram. Mövsümü istədiyimiz yerdə bitirəcəyimizə inanıram. Oyundan-oyuna daha yaxşı formaya düşürəm.

FƏRİD

Shares: