“Komandaya əlimdən gəldiyi qədər daha çox kömək etmək istəyirəm. Qazandığımız xallarda mənim də rolumun olması üçün çalışacağam. Son turlarda daha yaxşı oyunlar göstərərək daha çox xal toplamağımızı istəyirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Ümid Səmədov deyib.

22 yaşlı müdafiəçi “Qəbələ”yə 0:2 hesablı məğlubiyyəti dəyərləndirib: “Öncədən “Qəbələ” ilə oyunun çətin olacağını bilirdik. Ona görə çox yaxşı hazırlaşmışdıq. Bərabər səviyyəli oyun gedirdi, sadəcə qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib əlinə düşən imkanlardan maksimum yararlandı və nəticədə məğlub olduq. Lakin çətinlik çəkdiyimizi deyə bilmərəm. Oyunun bəzi hissələrində rəqibi daha çox topla oynamağa məcbur edib əks-hücumlarda qol axtarmağa çalışırdıq”.

Gənc yarımmüdafiəçi komandanın mövsümə uyğunlaşma prosesinə də toxunub: “Hər il olduğu kimi, geridə qalan illərdən daha yaxşı nəticələr vermək istəyirdik. İndi də bunun üçün komanda şəklində əlimizdən gələni edəcəyik. Mövsümün əvvəlində komanda yeni yığılmışdı deyə uyğunlaşmamışdı. Buna görə bəzi xallar itirdik, amma məncə, qış fasiləsindən sonra komanda çox yaxşı futbol oynayır. “Qəbələ” ilə oyuna qədər çempionatda 4 oyundur uduzmurduq. Son oyunlarımızda da daha çox xal toplayıb bizdən irəlidə olan komandaları keçmək istəyirik. Klub olaraq hamı bunun üçün əlindən gələni edəcək. Çünki bacardığımız qədər motivasiyanı yüksək saxlamağa çalışırıq, məşqlərdə də bu hiss olunur. Qarşıdakı oyunlarda qələbə istəyirik”.

O, növbəti turda “Karvan-Yevlax” ilə qarşılaşmaya da toxunub: “Qarşıda bizi “Karvan-Yevlax” ilə oyun gözləyir. Hər iki komanda autsayderlər sırasında olsa da, qarşıda hələ çox oyun var. Lakin kollektiv şəkildə tək düşüncəmiz oyundan 3 xalla ayrılmaqdır. Bunun üçün də əlimizdən gələni edəcəyik. Son saniyəyə qədər meydanda mübarizə aparacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: