“Karvan-Yevlax”ın futbolçusu Vüsal Məsimovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”a böyük hesabla (0:7) uduzdunuz. Ağır məğlubiyyət daha çox rəqibin gücü ilə bağlıdır, yoxsa sonuncu pillədə olduğunuz üçün oyunlara psixoloji təzyiq altında çıxırsınız?

– “Qarabağ”ın gücü hər kəsə bəllidir. Amma bu, “belə uduza bilərik” anlamına gəlmir. Heç birimiz istəməzdik ki, bu cür məğlubiyyət alaq. Ancaq futboldur, belə hallar da olur. “Qarabağ”la matçı unutmalı, növbəti oyunlara baxmalıyıq.

– 27-ci turun açılış oyununda “Kəpəz”lə vacib sınağa çıxacaqsınız. Bu görüşdən qələbə ilə ayrıla biləcəksiniz?

– “Kəpəz”lə görüş bizim üçün, demək olar, ölüm-qalım oyunudur. Bütün gücümüzü meydanda qoymalı, əlimizdən gələni etməliyik ki, bu matçdan mütləq qələbə ilə ayrılaq. Qalibiyyət bizə hava-su kimi lazımdır.

– “Kəpəz”lə cari mövsümdə keçirdiyiniz 2 oyunun birində siz qalib gəlmisiniz, digərində rəqib. Gəncə təmsilçisi ilə bağlı konkret ehtiyatlandığınız məqam varmı?

– “Kəpəz” yaxşı komandadır, yaxşı futbolçuları var. Amma biz öz oyunumuza fokuslanmalıyıq. Çünki onlarla müqayisədə bizə qələbə daha çox lazımdır. İnşallah, 90 dəqiqənin yekununda sevinən tərəf biz olarıq.

– Mövsümün sonuna 7 tur qalıb və siz 11-ci pillədəki “Qəbələ”dən 11 xal geri qalırsınız. Liqadakı yerinizi qorumaq şəxsən sizin üçün mümkün görünürmü?

– Bizim ümidlərimiz ölməyib. Qarşıdakı bütün matçlara final oyunu kimi çıxmalıyıq. Düşünürəm ki, hələ heç nə bitməyib.

– “Karvan-Yevlax” I liqaya düşsə, komandada qalıb kömək etməyə razı olacaqsınız? Yoxsa növbəti mövsümü də mütləq Premyer Liqada keçirmək istəyindəsiniz?

– Bu haqda hələ düşünməmişəm, çünki qarşıda 7 oyunumuz var. Dediyim kimi, bizim ümidlərimiz qalmaqdadır. Son 7 turun hər birinə maksimum köklənməli, “Karvan-Yevlax”ı Premyer Liqada saxlamaq üçün bütün güc və bacarığımızı meydançada göstərməliyik.

FƏRİD

Shares: