“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Felipe Santos mövsümün sonunda komandasını dəyişə bilər.
Futbolinfo.az saytının məlumatına görə, “qırmızı-qaralar” avrokuboklara vəsiqə qazana bilməyəcəyi halda, 29 yaşlı yarımmüdafiəçinin komandanı tərk edəcəyi qətidir.
Hazırda Santosa həm Azərbaycan Premyer Liqasından bir neçə klubdan, həm də xaricdən təkliflər var. Bununla belə, futbolçu və ailəsi Azərbaycana uyğunlaşdığından o seçimini Azərbaycan klubları arasından edəcək.
Digər tərəfdən “Araz-Naxçıvan” da yayda müqaviləsi başa çatacaq əsas oyunçularından birini itirmək istəmir. Santos gələcək karyerası ilə bağlı yekun qərarını may ayında rəhbərliyə bildirəcək.
Qeyd edək ki, braziliyalı 2024-cü ilin yayından “Araz-Naxçıvan”ın formasını geyinir. O, carı mövsüm 20 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.






