“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyevin futbolinfo.az saytına müsahibəsi
– 26-cı turda “Araz-Naxçıvan”la oyunda (4:2) rəqib iki dəfə hesabda önə keçdi. Bu ssenari sizin üçün gözlənilməz olmadı ki? Oyunu və nəticəni necə şərh edərdiniz?
– “Araz-Naxçıvan” həmişə bütün komandalar üçün ən çətin rəqiblərdən biri olub. Belə komandalara qarşı kiçik boşluq versən, səni cəzalandırarlar. Onların meydana belə motivasiya ilə çıxacağını bilirdik. Öz səhvlərimizdən buraxdığımız iki qolu nəzərə almasaq, fikrimcə, yaxşı oynadıq. Hesabda iki dəfə geriyə düşsək də, komanda olaraq xarakter göstərdik, oyuna qayıtdıq və lazım olan 3 xalı qazandıq. Qalib gəldiyimizə görə şadam. Məncə, qələbəyə layiq idik.
– Addım-addım çempionluğa yaxınlaşırsınız. Artıq çempion olacağınıza dair sizdə və komanda yoldaşlarınızda əminlik varmı?
– Hər qələbə komandaya bir qədər də özünəinam verir. Amma biz komanda olaraq ancaq hər növbəti oyunumuz barədə düşünürük. İndiki halda bizim üçün vacib olan növbəti qarşılaşmamızdır.
– 27-ci turda “Zirə”ni qəbul edəcəksiniz. Bu oyun sizin kimi, rəqib üçün də vacibdir, çünki “Zirə” avrokuboklara vəsiqə qazanmaq istəyir. Şansları necə dəyərləndirirsiniz?
– Bəli, şənbə günü bizi vacib oyun gözləyir. Çətin oyun olacaq. Ümumiyyətlə, çempionatda bütün matçlar çətin keçir. Bu görüş də istisna olmayacaq. Meydana qələbə üçün çıxacağıq.
– Kubokda “Qarabağ”la keçiriləcək yarımfinal matçından gözləntiniz nədir? “Sabah” ardıcıl ikinci il kubokun finalında ola biləcək?
– Hamı bizi kubokda hansı oyunun gözlədiyini anlayır. Amma ondan əvvəl Premyer Liqada iki görüşümüz var – əvvəlcə onlara fokuslanmalıyıq, sonra kubok barədə düşünə bilərik.
– Cari mövsümü əla keçirən “Sabah”ın aparıcı üzvlərindən birisiniz. Bu cür iddialı komandanın əsas oyunçularından biri olmaq necə hissdir? “Sabah”dakı karyeranızın uzun illər davam edəcəyinə inanırsınız?
– Bu komandanın bir parçası olmaqdan şadam. “Sabah”da olduğuma görə xoşbəxtəm. Hazırda tam olaraq komandamın çempionatda və kubokda uğurlu çıxışına köklənmişəm. İnanıram ki, öz oyunumla “Sabah”ın uğurlarına töhfə verməyə davam edəcəyəm.
FƏRİD






