Misli Premyer Liqasının 27-ci turunun 3 oyunu yubileylə əlamətdar olacaq.

Futbolinfo.az saytının məlumatına görə, cütlüklərdən biri 30-cu, ikisi isə 15-ci dəfə qarşılaşacaq.

Çempionatın lideri “Sabah” 30-cu dəfə “Zirə” ilə üz-üzə gələcək. Bu komandaların dueli adətən bolqollu alınır. Təsadüfi deyil ki, axır 6 görüşdə minimum 2 qol qeydə alınıb. “Zirə” artıq 5 matçdır ki, qalib gələ bilmir. “Sabah” bunun 2-də qələbə qazanıb, 3 dəfə isə rəqibi ilə bərabərə qalıb.

Artıq 2 ilə yaxındır ki, Rəşad Sadıqovun yetirmələri “Sabah”dan 3 xal ala bilmir. Komanda sonuncu dəfə 2024-cü ilin oktyabrında səfər matçında 2 cavabsız qolla qalib gəlib.

“Neftçi” ilə “Araz-Naxçıvan” Premyer Liqada 15-ci duelinə çıxacaq. Bunaqədərki 14 matçın 5-də paytaxt təmsilçisi, 4-də isə naxçıvanlılar 3 xal əldə ediblər. “Araz-Naxçıvan” bu görüşlərdə 10 dəfə fərqlənibsə, özü 29 dəfə mərkəzə dəvət olunub. Maraqlı məqam ondadır ki, “Neftçi” son 3 ev matçında qalib gələ bilməyib. “Ağ-qaralar” axırıncı dəfə 2 il əvvəl – 2024-cü ilin aprelində doğma arenasında rəqibindən 3 xal almağı bacarıb.

“Turan Tovuz”la “Sumqayıt” da 15-ci dəfə üz-üzə gələcək. Bunun 6-da qalib gəlib, 4-də uduzan tovuzlular indiyə qədər rəqib qapısından 19 top keçirib, özü isə 16 dəfə mərkəzə dəvət olunub. Komandaların son 3 duelində “Turan Tovuz” qələbə qazanıb.

Shares: