“The Telegraph” qəzetinin məlumatına görə, “Liverpul” klubunun sahibi “Fenway Sports Group” növbəti mövsüm üçün Arne Slotu baş məşqçi kimi saxlamaq istəyir.
Komandanın son nəticələri azarkeşlər arasında narazılığa səbəb olub. Lakin mənbənin xəbərinə görə, azarkeşlərin menecerin işdən çıxarılması ilə bağlı gözləntiləri klubun amerikalı sahibləri və britaniyalı direktorlar Maykl Edvards və Riçard Hyuzun planları ilə uyğun gəlmir.
“Liverpul” rəhbərliyi zəif nəticələri bir neçə amilə bağlayır. Onların fikrincə, Dioqo Jotanın ölümü komandanın əhval-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Bundan başqa, Məhəmməd Salahın formasının kəskin şəkildə aşağı düşməsi və heyətdə ciddi dəyişiklik də təsirsiz qalmayıb.
Slotun “qırmızılar”la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Rəhbərlik indidən radikal qərar vermək əvəzinə, mütəxəssisin 2026/27 mövsümünün əvvəlindəki performansını qiymətləndirmək niyyətindədir.
Dəyişikliklər baş verərsə, Slotu əvəz etmək üçün əsas namizəd “Liverpul”un keçmiş oyunçusu Xabi Alonsodur.
Bu mövsüm 31 matçda 49 xal toplayan “Liverpul” İngiltərə Premyer Liqasında beşinci yerdə qərarlaşıb. Komanda FA Kubokunun 1/4 finalında “Mançester Siti”yə (0:4), Çempionlar Liqasında ¼ finalın ilk oyununda PSJ-yə (0:2) məğlub olub.





