Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Futbolinfo.az xəbər verir ki, “2-ci dərəcə” məşqçi kursu 6-10 aprel tarixlərində Bakıda keçirilib.
Təlimlər Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən aparılıb. Kursda AVF-nin “1-ci dərəcə” mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib.
Kursun yekununda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlər AVF-nin “2-ci dərəcə” məşqçi sertifikatını alacaqlar.
Qeyd edək ki, “2-ci dərəcə” məşqçi sertifikatı əldə edən məşqçi-müəllimlər yerli çempionatlarda fəaliyyət göstərə biləcək, eyni zamanda AVF-nin “3-cü dərəcə” məşqçi kursunda iştirak hüququ qazanacaqlar. Hər üç dərəcəni tamamlayan mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak edə biləcəklər.






