“Araz-Naxçıvan”nın braziliyalı yarımmüdafiəçisi Felipe Santosun gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov bununla bağlı futbolinfo.az saytına açıqlama verib.

Klub rəsmisi bildirib ki, 29 yaşlı futbolçu ilə qüvvədə olan müqavilə davam edir: “Felipe Santosla 2 illik müqaviləmiz var. Ötən yay müqaviləyə yenidən baxılıb. Onun müqaviləsi tərəflər arasında qarşılıqlı razılaşma əsasında pozula bilər”.

Yusubovun sözlərinə görə, tərəflər yaxın vaxtlarda yenidən danışıqlar aparmağı planlaşdırır: “Böyük ehtimalla, mayın əvvəlində Santosla görüşərək müqavilə məsələsini müzakirə edəcəyik və uzadılması variantına baxacağıq”.

Bununla yanaşı, icraçı direktor futbolçunun mümkün gediş ehtimalını da istisna etməyib: “Yaxşı klubdan təklif daxil olarsa və şərtlər uyğun olarsa, həm klubun, həm də oyunçunun maraqları nəzərə alınaraq qərar veriləcək. Ola bilər ki, bu təklif onun karyerası üçün əhəmiyyətli olsun. Hazırda rəsmi təklif yoxdur. Mövsüm ərzində uğurlu çıxış edən futbolçulara maraq göstərilməsi normal haldır, lakin konkret təklif barədə məlumatım yoxdur”.

Xatırladaq ki, Felipeyə bir neçə təklifin olması barədə xəbər vermişdik. Braziliyalı hücumçu özü də saytımıza açıqlamasında bunu təkzib etməmiş, eyni zamanda müqaviləsinin mövsümün sonunda bitəcəyini bildirmişdi. Yusifov isə Santosla 2 illik müqavilənin olduğunu deyir.

GÜNAY SÜLEYMANOVA

Shares: