Misli Premyer Liqasının XXVII turunda “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdi. Görüşdən sonra het-trik edərək Yevlax təmsilçisinin qələbəsində mühüm rol oynayan Rauf Rüstəmli futbolinfo.az saytına müsahibə verib.
– 25 oyunluq qələbəsizlik seriyasını qırdınız. Oyunla bağlı fikirləriniz necədir?
– Çox şükür, bu qələbəyə çox ehtiyacımız var idi. Buna nail olduğumuz üçün çox sevincliyik.
– Karyeranızda ilk het-triki kimə həsr edirsiniz? Daha əvvəl ailəniz və ya dostlarınızla bununla bağll sözünüz olmuşdumu?
– Bəli, karyeramda ilk het-trikdir, həm də Premyer Liqada ilk qollarımdır. Allaha çox şükür edirəm. Qollarımı ailəmə həsr edirəm. Açığı, əvvəldən bununla bağlı heç kimlə xüsusi söhbətim olmayıb.
– Mövsümdə ikinci dəfədir ki, Premyer Liqada qalmaq uğrunda əsas rəqiblərinizdən olan “Kəpəz”ə qalib gəlirsiniz. Maraqlıdır, niyə bu nəticələri digər komandalara qarşı təkrarlaya bilmirsiniz?
– Hər oyunda əlimizdən gələni edirik ki, qalib gələk. Amma bu günə kimi alınmırdı və buna görə çox məyus olurduq. Bu gün qalib gəldik və sevincliyik. Qarşıda 6 oyunumuz var, hər birinə qələbə üçün çıxacağıq.
– Yəni bu qələbə komandanızın Premyer Liqadakı taleyinə ciddi şəkildə təsir edəcək?
– Bəli, hər qələbə komandada əhval-ruhiyyəni yüksəldir. Bu qələbənin bizə müsbət təsir edəcəyinə inanıram. Qarşıdakı turlarda da əlimizdən gələni edəcəyik.
– Mövsümün sonunda müqavilə ilə məxsus olduğunuz “Sabah”a qayıtmağı düşünürsünüz, yoxsa?..
– Mövsümün sonunda “Kəpəz”lə müqaviləm bitəcək. Hər şey ondan sonra aydın olacaq. “Sabah”la müqaviləm var, amma necə olacağını mən də bilmirəm. Təki xeyirlisi olsun.
AĞA






