“Şamaxı”nın portuqaliyalı yarımmüdafiəçisi Rikardo Apolinarionun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 26-cı turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdiniz. Nəticədən razısınız?

– Oyunun gedişatını nəzərə alsaq, deyə bilərəm ki, bəli. Biz hər oyuna 3 xal qazanmaq məqsədilə çıxırıq, amma bilirdik ki, “Zirə” çox güclü komandadır və bu, heç də asan olmayacaq. Qırmızı vərəqəyə qədər oyun çox rəqabətli gedirdi, ondan sonra isə çox da imkanımız qalmadı. Daha çox müdafiəyə çəkildik, çətinlik çəkdik, amma sonda hesabı bərabərləşdirmək üçün irəli atıldıq və xoşbəxtlikdən buna nail olduq.

– Ümumilikdə komandanın çıxışını necə qiymətləndirirsiniz? Mövsümün sonuna az vaxt qalıb…

– Biz liqada ən aşağı büdcəyə malik komandayıq, amma çox böyük əzm və peşəkarlığımız var. Ümumilikdə düşünürəm ki, yaxşı iş görürük və indi əsas məsələ klubun əsas məqsədini – liqada qalmağı təmin etməkdir.

– Sizcə, “Şamaxı” artıq liqada qalmağı təmin edib?

– Hələ heç nə təmin olunmayıb. Qarşıda qazanılası 21 xal var və hər şey baş verə bilər. Bu çətin liqada yerimizi mümkün qədər tez təmin etmək bizim əlimizdədir.

– “Zirə” ilə oyunda hakimin qərarları müzakirə olundu. Qırmızı vərəqə epizodunu necə dəyərləndirirsiniz?

– Bu barədə şərh verəcək bir şeyim yoxdur, bunu mütəxəssislərin ixtiyarına buraxıram.

– Qarşıda “Qarabağ”a qarşı ev oyununuz var. Bu matçdan nə gözləyirsiniz?

– Bilirik ki, “Qarabağ”ın daha çox xal itirmək şansı yoxdur. Amma biz hər oyuna qalib gəlmək düşüncəsi ilə çıxırıq və əlimizdən gələni edirik. Ona görə də son dəqiqəyə qədər gərgin və rəqabətli bir oyun gözlənilir.

FƏRİD

Shares: