“İmişli”nin serbiyalı yarımmüdafiəçisi Nikola Karaklaiçin futbolinfo.az saytına müsahibəsi

  • 26-cı turda “Turan Tovuz”la heç-heçə (1:1) etdiniz. Milli fasilənin “İmişli”nin işinə yaradığını söyləyə bilərik? Çünki komandanız fasilədən öncəki turda “Neftçi”yə 0:6 hesabı ilə uduzmuşdu…
  • Sözümə “Neftçi”yə ağır məğlubiyyətdən başlamaq istəyirəm. Həmin yenilginin konkret bir səbəbi yox idi. Reallıq ondan ibarətdir ki, həmin görüşdə zəif çıxış etmişdik. Mövsüm ərzində eniş-yoxuşların olması normaldır. Əsas odur ki, çətin vəziyyətdən çıxa, pis günləri geridə qoya bildik.
  • Hər halda, çempionatda fasilənin yaranması komandanın özünə gəlməsi, psixoloji təzyiqi üzərinizdən atmaq baxımından əla oldu…
  • Razıyam. Çempionatda yaranan fasilə bizim üçün çox vaxtında oldu. Bu müddət bizə özümüzü yeniləmək imkanı Verdi. İlk növbədə psixoloji olaraq toparlanmağı nəzərdə tuturam. Baş verənləri unutmaq və yenidən optimal formaya qayıtmaq üçün yaxşı fürsət oldu, biz də bundan yararlandıq.
  • “İmişli”nin 7 tur davam edən qolsuz seriyası “Turan Tovuz”la görüşdə yekunlaşdı. Ancaq qələbəsizlik seriyası 14 turdur ki, bitmək bilmir…
  • Mövsümün ilk hissəsi bizim üçün yaxşı keçdi, lakin sonra eyni səviyyədə çıxış etmədik. Amma sonda əsas olan yekun nəticədir. Çətin dövrü geridə qoyduğumuzu düşünürəm. İnanıram ki, biz xarakter nümayiş etdirərək qələbə həsrətimizə də son qoyacağıq və çempionatın sonuna qədər lazım olan səviyyədə olacağıq.
  • Növbəti oyununuz “Qəbələ”yə qarşı olacaq. Şansları necə dəyərləndirirsiniz?
  • Biz imkanlarımızın maksimumunu ortaya qoymalı və xallar qazanmalıyıq. Düşüncəmiz məhz bu olmalıdır. Özümüzə inanmalı və mövsüm ərzində nümayiş etdirdiyimiz birliyi yenidən göstərməliyik.
  • Mövsümün qalan matçlarında “İmişli”nin hədəfi nə olacaq?
  • Bizi son 7 oyun gözləyir. Konkret məqsədlər haqqında danışmaq istəmirəm, lakin mümkün qədər çox xal toplamaq və mövsümü sakit bir mühitdə başa vurmaq fikrindəyik. Turnir cədvəlində yerimizin müəyyənləşməsi üçün son iki oyunu və ya son turu gözləmək istəməzdim. İnanıram ki, daha erkən mərhələdə cədvəldə təhlükəsiz mövqeyimizi təmin edə bilərik.
  • Serbiyanın müxtəlif klublarında oynamısınız. Azərbaycan və Serbiya liqaları arasında hansı fərqlər var?
  • İlk fərq ondan ibarətdir ki, Serbiyada klublar gənc oyunçulara daha çox şans verirlər. Hər transfer dövründə gənc futbolçular milyonlar dəyərində transferlərlə klublarını tərk edirlər. Keyfiyyət baxımından isə hər iki ölkədə səviyyə yaxşıdır. Həmçinin ötən ilədək Serbiya çempionatı Avropada 12-ci liqa hesab olunurdu. Ümumilikdə hər iki liqa yaxşı və maraqlıdır.

FƏRİD

Shares: