“Komandamız artıq daha stabil çıxış etməyə başlayıb. Açıq demək lazımdır ki, həm Samir Abasov, həm də Yuri Vernidub çox yaxşı mütəxəssislərdir. Yeni baş məşqçinin gəlişi komandaya müəyyən təravət qatdı, oyun planımızda dəyişikliklər oldu və bu da performansımıza müsbət təsir göstərdi. Bununla belə, Abasovun da yaxşı məşqçi olduğunu düşünürəm. Dəyişikliklərin səbəbini konkret izah etmək çətindir — bu, futbolun təbiətidir”.
Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu İmad Faraj səsləndirib.
27 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan” üzərində qazanılan 2:1 hesablı qələbəni belə dəyərləndirib:
“İlk hissədə çox yaxşı oyun sərgilədik. Hesabın daha böyük fərqlə olmasını da təmin edə bilərdik — düşünürəm ki, 3 və ya 4 qol vurmaq imkanımız var idi. Hesab 2:1 olduqdan sonra matçın sonlarında müəyyən gərginlik yaşadıq. Bununla belə, qələbə qazandığımız üçün çox şadıq. İndi isə diqqətimizi növbəti oyuna yönəltmişik — “Zirə” ilə qarşılaşma bizim üçün olduqca vacibdir və həmin görüşdə də qələbə qazanmağa çalışacağıq”.
Fransalı futbolçu komandanın hədəflərindən də danışıb:
“Hazırda avrokuboklara vəsiqəyə çox yaxınıq. İki ay əvvəl bir çoxları “Neftçi” Avropaya gedə bilməz deyirdi, amma biz özümüzə inandıq. Əvvəl də vurğuladığım kimi, hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kim olmasının fərqi yoxdur — istər ‘Zirə’, istərsə də ‘Sabah’. Bütün matçlarda maksimum nəticə qazanmalıyıq. Qarşıda ‘Qarabağ’a qarşı iki vacib oyunumuz da var. Bu qarşılaşmalar xüsusilə önəmlidir, çünki bir oyunumuz təxirə salınmışdı. Həmin görüşlərdə də ən yaxşı nəticəni əldə etməyə çalışacağıq. Mövsümün sonuna qədər mübarizəni davam etdirməliyik — minimum hədəf xal qazanmaq və məğlubiyyətdən qaçmaqdır”.
GÜNAY SÜLEYMANOVA






