Misli Premyer Liqasında 27-ci tur əcnəbi duelləri ilə bitdi. Qəbələdə Kaxaber Sxadadze – Jorj Kaşkilya, Tovuzda Kurban Berdıyev – Saşa İliç qarşılaşmalarında heç-heçə qeydə alınmadı.

Bəri başdan yazaq ki, artıq “Turan Tovuz”u qitə kuboklarına qayıtması münasibəti ilə təbrik etmək olar. Əsas izləyicisi ilə xal fərqini 8-ə çatdıran qərblilərin hətta gümüş medalçı olmaq şansı da var. “Qarabağ” Şamaxıdakı kimi oynamağa davam etsə, hətta ikinci pilləni də əldən verəcək.

Berdıyevin yetirmələri artıq 9 oyundur məğlubiyyət görmür. Maraqlıdır ki, komanda bir tur qələbə qazanırsa, növbəti həftə mütləq heç-heçə edir. Sanki bunu silsiləyə çevirən tovuzlular eyni qaydada davam etsə, arzusuna çatacağı gün uzaqda deyil.

Dünənki qələbəni də gözlənilən saymaq olar. Rəqib son 9 oyunda yalnız 2 heç-heçə edən “Sumqayıt” idi. Artıq “Şamaxı” ilə eyni xala malik olan “kimyaçılar” uğursuz gedişə davam edir. Hətta bu qədər bərbad statistikaya malik olmasına baxmayaraq, qonaqlar uzun fasilədən sonra doğma meydana qayıdan rəqibə həyəcan yaşada bildi. Hər hissənin əvvəlində bir qol vuran qərblilər fərq azalandan sonra hesabı qorumağa çalışdı. Düzdür, buna nail oldular, lakin son dəqiqələrdə yerli azarkeşlər xeyli narahat oldu.

“Qəbələ” Kaxaber Sxadadzeni qovmaq üçün çox yubandı. Və bunun cəzasını Premyer Liqanı tərk etməklə çəkə bilər. Bu gedişlə komanda elitada qalmaq üçün pley-off oynayacaq, orada isə qələbə qazanmaq asan olmayacaq. Xüsusilə gürcü çalışdırıcı ilə bu, çətin olacaq. Kaxanın komandanı psixoloji cəhətdən oyunlara hazırlaya bilmədiyi aşkar görünür. Məhz həlledici matçlarda onun yetirmələri ciddi problem yaşayır.

Qəbələlilər dünən qələbə qazansaydı, həm 10-cu pilləyə qalxacaq, həm də “İmişli” ilə xal fərqini birə endirəcəkdi. Əvəzində qonaqlar 7 xal önə buraxıldı, son pillədəki “Karvan-Yevlax” isə elitada qalmağa ümidləndi. Təbii ki, 6 tur ərzində aşkar autsayderin 8 xalı aradan qaldırması inandırıcı görünmür, lakin “Qəbələ” belə oynamağa davam etsə, hər şey ola bilər.

Sxadadzenin oyundan sonra dilə gətirdiyi bəhanələr gözdən pərdə asmaq üçündür. Gürcü mütəxəssis I Liqadakı heyəti 95 faiz saxladıqlarını dilə gətirib. Halbuki təkcə qışda edilən transferlər çalışdırıcını yalançı çıxarmağa kifayətdir. “Qəbələ”nin heyəti bir çox komandadan daha güclüdür, sadəcə, məşqçisi inkişafdan geri qalıb. Rəhbərlik Sxadadzeni elə indi qovsa, daha çox xeyir görər.

15 oyunluq qələbəsiz seriyanı bitirən “İmişli” isə dərindən nəfəs ala bilər. Komanda toparlanmağı bacardı və əsas rəqiblərndən birini yenməklə Premyer Liqada qalmaq ümidlərini xeyli artırdı.

FƏRİD

Shares: