“Karvan-Yevlax” bu mövsüm Misli Premyer Liqasında ilk ev qələbəsini qazanıb.
Futbolinfo.az saytının məlumatına görə, Yevlax təmsilçisi doğma divarlardakı uğursuz seriyaya 27-ci turda “Kəpəz”lə keçirilən oyunda son qoyub.
Yevlax şəhər stadionunda keçirilən matçda debütant 4:1 hesablı qalibiyyət əldə edib. Bu isə “Karvan-Yevlax”ın 14-cü ev qarşılaşmasında ilk qələbəsidir. Komanda buna qədər öz meydanında keçirdiyi 13 oyunun cəmi 2-də heç-heçə etmiş, 11 dəfə isə məğlub olmuşdu.
Maraqlıdır ki, “Karvan-Yevlax” indiyə qədər yeganə qələbəsini də məhz “Kəpəz” üzərində qazanmışdı – 3:2. Sadəcə, 2-ci turdakı qarşılaşmada ev sahibi gəncəlilər idi.
Hazırda çempionatda ev qələbəsi görməyən yeganə komanda kimi “İmişli” qalıb. Rəqiblərini 13 dəfə qəbul edən Premyer Liqanın digər debütantı 8 dəfə aktivinə 1 xal yazdırıb, 5 dəfə isə məğlubiyyətlə üzləşib.






