Misli Premyer Liqasının 27-ci turunda qapılara ümumilikdə 16 qol vuruldu. Tur daha çox meydan sahibləri üçün düşərli oldu. 6 ev sahibindən üçü aktivinə 3, ikisi isə 1 xal yazdırdı. Doğma divarlar arasında meydanı başıaşağı tərk edən yeganə komanda isə “Qəbələ” oldu.
Turun darmadağını
Premyer Liqada qalmaq uğrunda çırpınan “Karvan-Yevlax” hesabat turunda “Kəpəz” üzərində 4:1 hesablı qələbə qazandı. Bu, 27-ci turun ən böyükhesablı qalibiyyəti oldu. Bununla Yevlax təmsilçisi liqada təxminən 7 ay yarımlıq qələbə həsrətinə son qoydu (bunadək sonuncu dəfə avqustun 23-də 3 xal əldə etmişdilər). Xallarının sayını 11-ə çatdıran autsayder 11-ci pillədəki “Qəbələ”nin məğlubiyyətindən də məharətlə yararlandı və mövsümün sonuna 6 tur qalmış iki komanda arasındakı xal fərqi 8-ə endi.
Turun qələbəsi
Ötən tur “qol orucu”nu pozan “İmişli” bu dəfə isə çempionatda 14 oyunluq (daha biri kubokda) qələbə həsrətinə son qoydu. Jorj Kaşkilyanın yetirmələri “Qəbələ” ilə səfər matçından 3 xalla ayrılmağı bacardılar. Dioqo Rollonun 45-ci dəqiqədə vurduğu qol qarşılaşmanın taleyini həll etdi. Bu zəfər sayəsində “İmişli” onu izləyən “Kəpəz”lə aradakı xal fərqini 5-ə yüksəltdi.
Turun komandası
“Qarabağ” çempionluq mübarizəsində növbəti zərbəni “Şamaxı”dan aldı. Ayxan Abbasovun komandası güclü rəqiblə ev görüşündə aktivinə xal yazdırdı. Düzdür, oyun bütünlüklə qonaqların üstünlüyü şəraitində keçdi. Ancaq “Qarabağ” heç cür rəqib qapısına yol tapa bilmədi. Sonadək döyüşən meydan sahibləri əzmkarlıq hesabına Ağdam klubundan xal almağı bacardılar. Bunun sayəsində “Şamaxı” 7-ci pillədəki “Sumqayıt”la xallarını bərabərləşdirdi.
Turun məşqçisi
“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov komandasını “Kəpəz”lə oyuna yaxşı hazırlamışdı. Meydana xüsusi motivasiya ilə çıxan ev sahibləri taktiki və texniki baxımdan da inamlı təsir bağışladılar. Məmmədov rəqibi yaxşı analiz etdiyindən, “Karvan-Yevlax” matçın əvvəlindən oyuna nəzarəti ələ keçirdi və çox keçmədi ki, bunu hesabda da əks etdirə bildi. 4:1 hesablı darmadağın Məmmədova və komandasına mövsümün son 6 oyununa daha yaxşı hazırlaşmaq üçün stimul verdi.
Turun futbolçusu
Şübhəsiz ki, bu ada Rauf Rüstəmli layiqdir. “Karvan-Yevlax”ın yarımmüdafiəçisi nəinki “Kəpəz”lə oyunun, ümumilikdə turun ən yaxşı futbolçusu olmağı bacardı. Gəncə təmsilçisi ilə qarşılaşmada het-trik edən Rauf komandasının böyükhesablı qalibiyyətində mühüm rol oynadı.
Turun qapıçısı
“Şamaxı” – “Qarabağ” matçında meydan sahiblərinin qapıçısı Rikardo Fernandesin üzərinə çox iş düşdü. Buna baxmayaraq, o, bu yükün altından çıxmağı bacardı. Fernandes həm ilk, həm də ikinci hissədə səhvsiz oynayaraq, qapısının toxunulmazlığını qorudu. Oyunun ilk dəqiqəsindəcə seyv edən Rikardo uğurlu çıxışını sonadək davam etdirərək, “Şamaxı”nın “Qarabağ”dan 1 xal almasında əsas pay sahiblərindən oldu.
Turun qolu
“Karvan-Yevlax”ın futbolçusu Rauf Rüstəmlinin “Kəpəz”ə vurduğu hər 3 qol baxımlı alındı. Ancaq bizə görə, ilk qol daha estetik idi. Düzdür, Rüstəmlinin ikinci və üçüncü qolları uzaq məsafədən vuruldu. Amma həmin qollarda “Kəpəz”in qapıçısı Yusif İmanovun da səhvləri var idi. İmanov ikinci qolu yaxın küncdən, sonuncu qol epizodunda isə topu əllərinin altından buraxdı. Bu mənada, Raufun cərimə meydançası daxilindən uzaq küncə məharətlə vurduğu qolu fərqləndirdik.
Turun antiqəhrəmanı
“Zirə”nin müdafiəçisi Ange Mutsinzi “Sabah”la oyunda kobud səhvi ilə diqqət çəkdi. O, 16-cı dəqiqədə komanda yoldaşı Ruan Renatoya ötürmə vermək istəyərkən adi epizodda səhv etdi və bu səhv hesabın açılması ilə nəticələndi. Düzdür, “Zirə” sonradan geridönüş edərək hesabda önə keçməyi bacardı. İstənilən halda, sonda 2:2 hesabının qeydə alındığı qarşılaşmada Angenin səhvinin nəticəyə təsir etdiyini söyləyə bilərik.
CAVAD






