Azərbaycan futbolunda uşaq və yeniyetmələrin inkişafı ilə bağlı əsas problemlərdən biri aşağı yaş qruplarından ibarət komandaların beynəlxalq turnirlərdə iştirak imkanlarının məhdud olmasıdır. Bu baxımdan istisna kimi “Sabah”, “Qarabağ” və “Neftçi” kimi klubların müəyyən səviyyədə aktivliyi qeyd olunsa da, ümumi mənzərə fərqlidir – ölkədə fəaliyyət göstərən digər peşəkar klubların uşaq komandaları beynəlxalq təcrübədən demək olar ki, kənarda qalır. Bu isə sistemli şəkildə gələcək futbolçu nəslinin inkişafına mənfi təsir göstərir və Azərbaycan futbolunun uzunmüddətli perspektivdə rəqabət qabiliyyətini zəiflədir.

Beynəlxalq turnirlərdə iştirakın olmaması ilk növbədə gənc futbolçuların oyun təcrübəsinin məhdudlaşmasına səbəb olur. Yerli çempionatların səviyyəsi və rəqabət mühiti çox vaxt dar çərçivədə qalır, bu isə uşaqların fərqli oyun üslubları, sürət, texniki keyfiyyətlər və taktiki yanaşmalarla tanış olmasına imkan vermir. Halbuki beynəlxalq turnirlərdə iştirak edən komandalar müxtəlif futbol məktəbləri ilə qarşılaşaraq həm fərdi, həm də kollektiv inkişaf baxımından böyük təcrübə qazanır. Bu proses oyunçuların psixoloji dayanıqlığını da artırır, çünki onlar erkən yaşlardan təzyiq altında oynamağı və nəticəyə görə məsuliyyət daşımağı öyrənirlər.

11 - Futbolinfo.az

Avropa təcrübəsinə nəzər saldıqda isə tam fərqli yanaşma müşahidə olunur. Məsələn, “Barselona” akademiyası mütəmadi olaraq gənc komandalarını beynəlxalq turnirlərə göndərir və UEFA Gənclər Liqası kimi turnirlərdə iştirak onların inkişaf strategiyasının ayrılmaz hissəsidir.

Eyni yanaşmanı “Ayaks”da da görmək mümkündür. Bu klubun akademiyası Avropanın ən güclü sistemlərindən biri hesab olunur və onların gənc komandaları müxtəlif ölkələrdə təşkil olunan turnirlərdə davamlı şəkildə iştirak edir.  Həmçinin “Bayern” və “Mançester Siti” kimi klublar da akademiya səviyyəsində beynəlxalq rəqabəti prioritet hesab edir və bu məqsədlə geniş maliyyə və təşkilati resurslar ayırır.

Bu yanaşmanın nəticələri açıq şəkildə görünür. Məsələn, “Ayaks”, PSV və “Feyenoord” akademiyasından çıxan oyunçular uzun illərdir Avropanın aparıcı liqalarında çıxış edir,  “Barselona” isə öz akademiyası vasitəsilə dünya futboluna çoxsaylı yüksək səviyyəli oyunçular qazandırıb.

Bu uğurlar təsadüfi deyil, sistemli planlaşdırma, erkən yaşlardan beynəlxalq təcrübə və uzunmüddətli strategiyanın nəticəsidir. Təbii ki, biz daha nümunəvi klubların adını çəkdiksə, bu o demək deyil ki, İspaniyada “Xetafe”, Niderlandda “Qroningen”, Almaniyada “Frayburq”un uşaq komandaları beynəlxalq yarışlara qatılmır. Avropda böyükdən kiçiyə qədər hamı – bütün klublar bu strategiyanı həyat mənbəyi hesab edirlər.

the ajax academy has developed some of the game s biggest names - Futbolinfo.az

Azərbaycan klublarının uşaq komandalarını beynəlxalq turnirlərə göndərə bilməməsinin bir neçə əsas səbəbi var. İlk növbədə maliyyə amili ön plana çıxır. Bir çox klublar üçün xarici səfərlərin təşkili, iştirak haqları və logistika xərcləri ciddi yük hesab olunur. Digər tərəfdən, təşkilati və strateji planlaşdırma çatışmazlığı da bu sahədə geriliyə səbəb olur. Klubların əksəriyyətində akademiya sistemi formal xarakter daşıyır və uzunmüddətli inkişaf proqramları real şəkildə tətbiq edilmir.

Bununla yanaşı, ən ciddi problemlərdən biri klub rəhbərliklərinin prioritetlərinin düzgün müəyyən edilməməsidir. Mövcud şəraitdə əsas diqqət bu günün nəticəsinə yönəlib. Qısamüddətli uğur əldə etmək məqsədilə əsas komandalar legioner futbolçularla komplektləşdirilir və bu yanaşma klubun strateji inkişafını kölgədə qoyur. Nəticədə uşaq futboluna yatırım ikinci plana keçir və bu sahə sistemli inkişafdan məhrum olur. Halbuki Avropa klublarında əsas prinsip gələcəyə yatırım üzərində qurulub: akademiyalara ayrılan vəsait xərclər kimi deyil, uzunmüddətli investisiya kimi qiymətləndirilir.

Uşaq komandalarının beynəlxalq turnirlərdə iştirak etməməsi həm də skautinq və transfer potensialına mənfi təsir göstərir. Gənc oyunçular beynəlxalq arenada görünmədikcə onların digər klublar tərəfindən izlənilməsi və transfer imkanları azalır. Bu isə həm futbolçuların fərdi karyerasına, həm də klubların iqtisadi gəlir əldəetmə potensialına zərbə vurur. Avropa təcrübəsində isə əksinə, gənc oyunçuların beynəlxalq turnirlərdə çıxışı onların bazar dəyərini artırır və klublar üçün əlavə gəlir mənbəyinə çevrilir.

1497542390 20140923 gq0a9852 - Futbolinfo.az

Nəticə etibarilə, Azərbaycan futbolunda uşaq və yeniyetmə səviyyəsində beynəlxalq təcrübənin artırılması artıq seçim deyil, zərurətdir. Bu istiqamətdə sistemli addımlar atılmadığı təqdirdə ölkə futbolunun inkişafı yalnız lokal çərçivədə qalacaq və beynəlxalq rəqabət qabiliyyəti formalaşmayacaq. Klublar qısamüddətli nəticələrdən daha çox uzunmüddətli strategiyaya üstünlük verməli, akademiyalara real yatırım etməli və gənc komandaların beynəlxalq turnirlərdə iştirakını prioritet məsələyə çevirməlidirlər. Yalnız bu halda həm fərdi futbolçu inkişafı təmin oluna, həm də Azərbaycan futbolu ümumi səviyyə baxımından Avropa standartlarına yaxınlaşa bilər.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: