“İmişli”nin müdafiəçisi Dioqo Rollonun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 27-ci turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdiniz. 14 oyunluq qələbəsizlik seriyasından sonra gələn qalibiyyəti necə dəyərləndirirsiniz?

– Komandamız üçün olduqca vacib və əhəmiyyətli bir qələbə idi. Artıq uzun müddətdir ki, bu nəticəyə layiq idik. Son dövrlərdə istədiyimiz qədər uğurlu çıxış etməsək də, əzmlə çalışdıq və nəticədə bu qələbəni haqq etdik.

– Vurduğun qol komandanın uzunmüddətli seriyasına son qoydu. Bu, sənin üçün xüsusi əhəmiyyət daşıyacaq?

– Qol vurmaq hər zaman xüsusi əhəmiyyət kəsb edir, belə vacib qarşılaşmada isə bu hiss daha da güclənir. Qələbəyə töhfə verdiyim üçün, əlbəttə, çox məmnunam. Lakin komandamızın nümayiş etdirdiyi birlik, həmrəylik və komanda ruhu məni daha çox sevindirir.

– Bu qələbə ilə aşağıdakı rəqiblərinizdən bir az aralandınız. Düşünürsünüz ki, bu, komandada psixoloji rahatlıq yaradacaq?

– Qələbə, şübhəsiz ki, komandamıza müəyyən mənəvi rahatlıq gətirəcək. Bu, futbolda təbii haldır. Bununla belə, qarşıda bizi daha ciddi və əhəmiyyətli oyunlar gözləyir. Qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün isə daha böyük əzmlə və məsuliyyətlə çalışmalıyıq.

– Premyer Liqadan hələ də düşmək təhlükəsi sizi narahat edir? Yəni üzərinizdə təzyiq yaradır?

– Mövsümü təhlükəsiz zonada başa vuracağımıza tam əmin olana qədər bu məsələ diqqət mərkəzimdə olacaq. Əsas hədəfimizə çatdıqdan sonra isə daha rahat və inamlı şəkildə yolumuza davam edəcəyik.

– Növbəti matçınız yenə əsas rəqiblərinizdən birinə qarşıdır. “Kəpəz”i məğlub edə biləcəksiniz?

– Bu, komandamız üçün şübhəsiz ki, növbəti mühüm qarşılaşmadır. Lakin biz öz gücümüzə inanırıq və birbaşa rəqabət xarakterli oyuna tam hazırıq.

FƏRİD

Shares: