İndiyə qədər idman sahəsində çox adamla müsahibə götürmüşəm. Amma dünya səviyyəli idmançı ilə söhbətm olmamışdı. Bu boşluğu dünya basketbolunun əfsanələrindən olan olimpiya çempionu Rimas Kurtinaytisin sayəsində doldurdum.

Onu tanımayan yoxdur. Vaxtilə “Qala” klubunu çalışdırmaqla məşqçiilik sahəsində ilk cığırı açan əfsanəvi basketbolçu artıq ölkəmizdə “Sabah” kimi çempionluğa “abunə olan” klubun “sükanı arxasındadır”. O, həm də Litva millisinin də baş məşqçisidir.

Rimasla çox da basketboldan danışmaq istəmədim. Çünki o qədər karyerasından danışıb ki… Mənə yeni məqamlar lazım idi. Sağ olsun, bütün suallarıma səmimi cavab verdi.

– Latviya və Estoniya ilə müqayisədə basketbol Litvada niyə daha populyardır? Sizin onlardan fərqiniz nədədir?

– Hazırda Latviyada da basketbol populyardır. Ola bilsin, Estoniyada bir o qədər yox. İkinci Dünya müharibəsindən sonra Latviyada bu idman növü populyarlaşdı. Litvada isə basketbol həmişə populyar olub, çünki biz hələ 1939-cu ildə Avropa çempionu olmuşduq (bu ölkənin kişilərdən ibarət basketbol komandası 1937 və 1939-cu illərdə qitə birinciliyini qazanıb – T.M.). Həmin komandada latviyalılar da yer alırdı. Deyərdim ki, Litvada və Latviyada basketbol populyarlığına görə eyni səviyyədədir. Amma hər halda, Litvada bu idman növü daha çox sevilir, çünki bizim nailiyyətlərimiz daha böyükdür. Biz müstəqilliyimizi bərpa etdikdən sonra dəfələrlə Olimpiya Oyunlarında iştirak etmişik, 1992-ci, 1996-cı və 2000-ci illərdə bürünc medallar qazanmışıq. Buna qədər isə SSRİ dövründə Kaunas “Jalgiris”i yüksək səviyyədə çıxış edib, avrokuboklara qatılıb.

– 7 yaşınız olarkən, böyük qardaşınız Robertas sizi rayon basketbol seksiyasına yazdırıb. Bu oyuna marağı sizdə kim oyadıb?

– Sovet dönəmində bütün uşaqlar nə iləsə məşğul olmalıydılar. Bəziləri hansısa dərnəkdə mahnı oxuyurdular və ya rəsm çəkirdilər. Məni isə basketbola apardılar. Dərhal xoşuma gəldi: top, səbət, çoxlu uşaq. Həmin vaxt qışda küçədə hokkey, futbol, basketbol, voleybol oynayırdıq. Kaunas yaxınlığında bir şəhərdə böyümüşəm. O vaxt internet yox idi, televizorda da bir neçə veriliş göstərilirdi. Buna görə çox vaxt küçədə oynayırdıq.

481116940 3858461874375688 4888021702279632419 n - Futbolinfo.az

– Bəs uşaq vaxtı idmandan başqa maraqlarınız olub?

– Bəli, 5-ci sinifə qədər yaxşı rəsm çəkirdim. Uşaq bağçasına getdiyim vaxt isə rəsmlərim sərgilərdə nümayiş etdirilirdi. Müəlliməm 5-ci sinifə qədər hər dəfə məni rəsm çəkməyə həvəsləndirirdi. Yəqin, məndə potensial görürdü. Lakin mən idmanı seçdim.

– 1980-ci illərin əvvəlində Vilnüs Bədən Tərbiyəsi İnstitutundan xaric olunduz. Bunun səbəbi nə idi?

– Zəif davamiyyətim. Çünki o zaman artıq “Jalgiris”in əvəzedicilərində oynayırdım, əsas komandaya düşməyə yaxın idim. Çoxlu məşqlərimiz, oyunlarımız olurdu. İnstituta nadir hallarda gəlirdim.

– Bəs nailiyyətlərinizə baxıb sizə güzəştə getmədilər?

– Həmin vaxt hələ nailiyyətlərim yox idi. Cəmi 20 yaşım var idi. Bəli, artıq perspektivli idim, Litvanın əsas basketbol klubu sayılan “Jalgiris”in əsas komandasının bir addımlığındaydım. Ancaq bütün bunlar o zaman instituta getməməyə əsas vermirdi. Yəni ki, idman idmandır, təhsil isə təhsil. Məncə, bu, doğru yanaşma idi. Haradansa xaric olunan və ya qovulan insanlar problemi özlərində deyil, başqalarında axtarır, kimisə günahkar çıxarmağa çalışırlar. Mən isə bu məsələdə səhvi yalnız özümdə görürəm. Bəli, davamiyyətim zəif idi. Düzdür, bəzən məşqlərə və oyunlara görə instituta gələ bilmirdim, amma bəzən də özüm gəlmirdim. O zaman məşqlərin və oyunların arxasında gizlənə biləcəyimi düşünürdüm. Lakin yaşlı insanlar gənclərdən daha ağıllıdırlar. Baxmayaraq ki, indiki 20 yaşlı gənclər ağsaqqalardan ağıllı olduqlarını düşünürlər. Həyatında nələrsə düz getməyə bilər, əsas olan bundan hansı nəticələr çıxarmağındır. Mən bunu bacardım. Həmin vaxt institutdan xaric olunurdunsa, səni dərhal sovet ordusuna göndərirdilər. Məni elə növbəti gün apardılar. Riqada 2 il xidmət etdim. Özü də sıravi əsgər idim: addımlayırdım, küçələri təmizləyirdim və s. Perpektivli basketbolçu olub-olmamağım orduda heç kimə maraqlı deyildi. Zabit məndə sadəcə əsgər görürdü. Mənim üçün heç bir istisna yox idi: hamı necə idisə, mən də elə. Hərbi xidmətdən qayıtdıqdan sonra instituta həmin rektorun – Stonislovas Stonkusun (“Stasis” ləqəbli sabiq basketbolçu 1957-ci ildə Avropa çempionu olub, 2012-ci ildə isə dünyasını dəyişib – T.M.) yanına getdim. Ona hər şeydən əvvəl təşəkkür etdim. Ona görə ki, məni 20 yaşımda doğru yola yönəltdi. Bəli, bu yol asan deyildi. Ancaq sovet ordusunda ağrıya, soyuğa dözməyi öyrəndim. Səni səhər 6-da yuxudan oyadanda, geyim forması №2 ilə – yalnız pambıq iç geyimdə – çölə çıxaranda və hər səhər -30 dərəcədə kros qaçmağa və idman etməyə məcbur edəndə… Əvvəllər xoşuma gəlməyən bir çox şeyi öyrəndim. Əksər işləri “bacarmıram” deyə-deyə edirdim. “Bacarmıram” deyirsən, amma sənə əmr verirlərsə, bunu etməlisən. Orduda heç kimin nazı ilə oynamırlar. Hərbi xidmətdən qayıtdıqdan sonra öz ayaqlarım üstündə daha möhkəm dayanmağa başladım. Buna görə deyirəm ki, hamı orduda xidmət etməlidir. Ona görə yox ki, müharibə olacaq, ya yox. 18 yaşlı yeniyetmənin həyatda daha müstəqil olması üçün. Məni düz başa düşün, sovet quruluşunun tərəfdarı deyiləm. Lakin o vaxt ordudan qayıdan hər kəs yaxalığını tikməyi, yatağını düzəltməyi, çəkmələrini təmizləməyi bacarırdı. Onlar həmin 2 il ərzində yeniyetmədən kişiyə çevrilirdi. Orduda atan-anan yanında deyil, heç kim səni müdafiə etməyəcək. Bəli, orduda mənasız şeylər də az deyil. Amma nizam-intizama öyrənirsən. Sonra həyatda da sənə daha asan olur: nəyin yaxşı, nəyin isə pis olduğunu anlayır, hər şeyə hazır olursan.

– Hazırda Litvada gənclər orduda sizin qədər əziyyət çəkir, yoxsa daha asandır?

- Futbolinfo.az

– Yox, indiki ordu bizim vaxtımızdakı kimi deyil. Hərdən televizorda izləyirəm… Şənbə və bazar günləri əsgərləri evə buraxırlar. Əvəllər isə 2 il xidmət çəkirdin və ev görmürdün. İndi normal qidalanırlar, bizim vaxtımızda isə yemək tapmırdıq. Qarabaşağı çox xoşlayıram, ancaq orduda o qədər yemişəm ki, hələ də yadımdadır…

– Xidmət etdiyiniz hərbi hissədə azərbaycanlılar var idi?

– Xeyr, çünki mən Baltikyanı Hərbi Dairədə xidmət edirdim. Ruslar və ukraynalılar var idi, lakin qafqazlılardan heç kim yox idi. Məncə, onlar ayrı Hərbi Dairədə xidmət edirdilər. Sonra isə məni Moskvadakı Jukov adına Hərbi Akademiyaya köçürdülər.

– Hərbi xidmətdən sonra təhsilinizi davam etdirdiniz? Diplomunuz var?

– Bəli, institutu bitirmişəm. Ordudan qayıtdıqdan sonra “Jalgiris”in əsas komandasının oyunçusu oldum. Hərbi xidmətə qədər 1,5 kurs oxudum, qiymətlərim də yaxşı idi. Ancaq dediyim kimi, zəif davamiyyətə görə xaric olundum. Sonradan təhsilimi başa vurdum. Əslində, basketbol oynamaq ən asan yol idi. Yadımdadır, hələ 9-cu sinifdə yay tətilində zavoda 1 ay işləməyə getdim. Mənə “botinka” lazım idi, qiyməti 110 rubl idi. Atam və anam az qazandıqları üçün mənə ala bilmirdilər. Düzdür, çox əziyyət çəkmirdik, amma məsələn, “botinka”, paltar, gödəkçə… Valideynlərim mənə deyirdilər ki, yay tətilində get haradasa işlə. O vaxt məktəblilərə belə işləməyə icazə var idi. Anamın çalışdığı tipoqrafiyada işləmişəm, 1 ay ərzində gündəlik 8 saat dəzgah arxasında dayanmışam. Mənə elə düz 110 rubl maaş verildi, mağazaya gedib həmin “botinka”nı aldım. Anama dedim ki, həyatda nə işləyəcəyimi bilmirəm, amma bir şey dəqiqdir ki, bir daha heç vaxt zavoda qayıtmayacağam. O vaxt artıq basketbol oynayırdım. Yaxşı ki, həyat elə alındı ki, bir daha zavoda dönməli olmadım.

– 1988-ci ildə Seulda olimpiya çempionu olmusunuz. Həmin yarışda həmçinin SSRİ futbol millisi də qalib adını qazandı. İqor Ponomaryovun oyununu xatırlayırsınız?

– Bəli. Biz hamımız idman şəhərciyində yaşayırdıq. Futbola münasibət hər zaman fərqli olduğu üçün isə onlar gəmidə qalırdılar. Axı onlar adi insanlarla birgə yaşaya bilməzlər (gülür). Mən 5 dəfə Olimpiadada iştirak etmişəm və yalnız Litvanın idman naziri postunu tutarkən hoteldə ayrı qalırdım. Başqa vaxtlarda isə həmişə hamı ilə birgə Olimpiya Kəndində yaşayırdım. Orada 10 min idmançı və məşqçi birgə qalır, hamı bir ailə kimidir. Yalnız kimin ən yaxşı olduğunu göstərmək üçün mübarizə aparırlar. Hazırda orada necə olduğunu bilmirəm, lakin əvvəllər hamı bir-birinə hörmət edirdi, nə üçün gəldiyini bilirdi. Futbol təbii ki, ayrı aləmdir. Futbolçuları yalnız bir dəfə Olimpiya Kəndinə gətirdilər, sonra isə gəmidə yerləşdirdilər. SSRİ üzrə futbol millisi ümumiyyətlə həmişə Novoqorskdakı bağlı bazada qalırdı. Olimpiadada da bu cür yanaşmanı, yəni başqalarından ayrı yaşamağın mənasını anlaya bilmirəm. Fikrimcə, bu, əsasında dünya xalqları arasında dostluğun dayandığı olimpiya ideologiyasına ziddir. Səni isə gətirib həbsxanaya salırmışlar kimi gəmidə saxlayırlar, qalib gəlirsən və ölkənə qayıdırsan. Yadımdadır, Lev Leşenko və Vladimir Vinokurun olduğu tədbirə futbol millisi də qatılmışdı. Daha doğrusu, onları gətirmişdilər ki, Olimpiya Kəndinin ab-havasını hiss etsinlər. Sovet quruluşunun futbola bu yanaşmasını anlamıram. Yəqin, bununla komandaya yaxşılıq etmək istəyirdilər, ancaq əksinə, Olimpiadanı tam hiss etmək imkanını onların əlindən aldılar. İqor Ponomaryovla hələ də yaxşı dostuq. O, əməliyyat olunmaq üçün İsveçə yollananda mənə zəng etmişdi. Gərək mən də zəng edib bərpa prosesinin necə keçdiyini soruşum. Artıq 3 ildir Bakıda bir araya gəlib keçmiş günləri yada salırıq.

rimas kurtinaitis - Futbolinfo.az

– İqor Ponomaryov da hazırda “Sabah”da işləyir. Onunla tez-tez görüşmək imkanınız olur?

– Ola bilsin, bu mövsüm bir qədər az görüşürük, çünki futbol və basketbol oyunlarının vaxtı üst-üstə düşür. Ötən “futbol ili”ndə “Sabah”ın, demək olar, bütün matçlarında stadionda olmuşam, o cümlədən “Qarabağ”la görüşdə. Bir müddət əvvəl kubokun yarımfinalı çərçivəsində bu komandaların 2:2 hesabı ilə yekunlaşan ilk oyununu da Tofiq Bəhramov adına Respublika stadionundan izləmişəm. Futbolu xoşlayıram, “Sabah”ın oyunu da çox bəyənirəm. Bunu Valdas Dambrauskasın da mənim kimi litvalı olduğuna görə demirəm, amma bu mövsüm komanda fərqli çıxış edir. Komanda əsl futbol sərgiləyir, meydanın bütün enindən istifadə edərək oynayır, topu sürətli şəkildə bir-birinə ötürür. Əvvəl daha çox müdafiəyə üstünlük verilirdisə, indi hücumameyilli oynayırlar. Öncə 1:1, 1:0, 0:0 hesabları daha çox qeydə alınırdısa, hazırda daha açıq, daha maraqlı futboldur. Biz litvalılar “Sabah”ın oyununu izləmək üçün stadiona gələndə də aramızda danışırıq ki, oyun üslubu dəyişib.

– Dambrauskasın “Sabah”a təyinatına qədər onu tanıyırdınız?

– Litvada cəmi 3 milyon əhali var. Lap bir-birini şəxsən tanımayan belə, KİV vasitəsilə məlumatlı olur. Valdasla isə şəxsi tanışlığımız var idi. Litvalıların Azərbaycana üz tutması başadüşüləndir. Ölkənizdə futbolu və basketbolu sevirlər, insanlar yaxşıdır, cinayətkarlıq aşağı səviyyədədir, qiymətlər münasibdir. Qızım da İspaniyadan Bakıya gəldikdən sonra buranı çox bəyənib. Təhlükəsizlik çox yüksək səviyyədədir, lap gecə saat 3-də və ya səhər 5-də şəhərdə gəzə bilərsən, heç kim sənə ilişməyəcək. Qızım İspaniya və İtaliyada yaşayıb. Məsələn, Romada şəhərdə gəzmək təhlükəlidir, çünki çantanı əlindən alıb qaça bilərlər. Ümumiyyətlə, Avropada belə problemlər mövcuddur. Çox ölkədə olmuşam və deyə bilərəm ki, Azərbaycan, bir də ola bilsin, Avstraliya ən sakit yerdir. Bakıda və ümumən Azərbaycanda təmizlik və təhlükəsizlik ən yüksək səviyyədədir. Hətta ikinci belə bir ölkə göstərməkdə çətinlik çəkirəm. Məsələn, ABŞ-də küçədə rahat gəzə bilmirsən.

– Bəs istirahət günlərində Dambrauskas ilə görüşürsünüz?

– Litvanın müstəqillik günündə təkcə ölkəmizin nümayəndələri deyil, həmçinin səfirlərin olduğu tədbirdə bir restorana yığışmışdıq. 2-3 saat söhbətləşmək imkanımız oldu. O, basketbolu çox yaxşı bilir, bu idman növünü sevir.

– “Jalgiris” futbol klubu 1980-ci illərdə SSRİ çempionatının ən baxımlı komandalarından biri olub. Onların oyunlarını izləyirdiniz?

– Bəli. Futbol komandası 1-ci Liqadan elitaya yüksəldiyi mövsüm mən “Jalgiris”in basketbol komandasında oynayırdım. Amma onların hər matçına stadiondan baxmaq üçün Kaunasdan Vilnüsə maşınla gedirdim. Bircə oyunlarını qaçırmırdım. Həmin heyətlə dostluq edirdik. İvanauskas, Narbekovas, Yanonisi çox yaxşı tanıyıram.

– Bu ilin yanvarına vəfat edən futbol “Jalgiris”inin əfsanəvi baş məşqçisi Benyaminas Zelkyaviçyus ilə münasibətləriniz necə idi?

R M Kurtinaitis Rimas 2 - Futbolinfo.az

– Münasibətlərimiz çox yaxşı idi. O, yaşca məndən böyük idi. Bəzən o, mən və basketbol “Jalgiris”inin sabiq baş məşqçisi Vladas Qarastas birgə restoranda otururduq. Çox içki içməsək də, həyatdan danışırdıq. Zelkyaviçyusu yaxşı tanıyırdım.

– Litva futbolunda vəziyyət necədir? Ölkənizdə bu idman növünü sevirlər?

– Bilirsiniz ki, Millətlər Liqasında Litva və Azərbaycan milliləri bir qrupda yer alıblar. Mən bu oyunları maraqla gözləyirəm. Çünki “Sabah”ın, eləcə də Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın necə oyandığını bilirəm. Düşünürəm ki, Azərbaycanda futbolunun səviyyəsi daha üstündür. Lakin yenə də müqayisə etmək istəyərdim. “Sabah”  hazırda çox yaxşı oynayır. Burada baş məşqçinin böyük əməyi var.  Litva liqası yaxşıdır, stadionlarımız gözəldir, “Kaunas” 30 minlik arena tikdirib. Millimiz də bütün əsas matçlarını orada keçirir. Vilnüsdə də böyük stadion inşa edilir. Ötən ilin statistikasını oxumuşam: Litvada son 100 ildə ilk dəfə futbolla məşğul olan uşaqların sayı basketbolla müqayisədə daha çoxdur. Çünki məktəblərdə və ümumən hər yerdə yaxşı meydançalar salınıb. Hətta Kaunasın yaxınlığında yaşadığım şəhərdə getdiyim məktəbin də yaxşı meydançası var. Hər dəfə maşınla oradan keçəndə çoxlu uşağın oynadığını görürəm. Litvada futbol bumunun yaşandığını deyə bilərəm. Fikrimcə, 10-15 ilə bəhrəsini görəcəyik. Əsas odur ki, çox yaxşı infrastruktur var. Mən özüm də əvvəlcə futbol seksiyasına getmişəm, sonra qardaşım məni basketbola yazdırmışdı. Litva Futbol Federasiyasının yaxşı iş gördüyünü düşünürəm, futbolun kütləviyinin artmasına nail olublar.

– Sizcə, hansı daha böyük nailiyyətdir: “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi və ümumiyyətlə hər mövsüm avrokubokların əsas mərhələsində oynaması, yoxsa basketbol “Jalgiris”inin Avroliqadakı çıxışı?

– Məncə, ümumən iştirak etmək vacibdir. Sevinirəm ki, “Sabah”ın basketbol komandası da Çempionlar Liqasında mübarizə aparır. Çünki bu, vacibdir. Yaxşı əşyalara sahib ola, onları evində saxlaya və heç kimə göstərməyə bilərsən. Məsələn, kimsə “Ermitaj”dan dəyəri 100 milyon olan rəsm əsərini oğurlayır, onu zirzəmidə asır və özü baxır. Ancaq bu, yanlışdır. Avrokuboklarda çıxış etməyin yalnız müsbət tərəfləri var. Çempionlar Liqasının futbolda necə vacib turnir olduğunu yaxşı bilirəm. Vaxtilə “Real”ın basketbol komandasında oynadığım vaxt futbol matçlarını “Santyaqo Bernabeu”dakı lojadan izləyirdik. “Sabah” da gələn mövsüm Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsə, əla olar. İnşallah, komanda çempion olar, artıq buna yaxındırlar. Düşünürəm ki, Çempionlar Liqasında mübarizə aparmağın özü böyük uğurdur. Hələ bu turnirin qalibi olmaqdan danışmıram.

– Litvada “Qarabağ”ın nəticələri ilə maraqlanırlar?

befunky collage 2025 04 08t141727352 67f505e21069c - Futbolinfo.az

– Düşünürəm ki, hə. Çünki bizdə Çempionlar Liqasını sevirlər. Əvvəllər oyunları qaçırmırdım. İndi isə format dəyişəndən və komanda sayı artırılandan sonra o qədər vaxt tapa bilmirəm.

– “Real”da oynayarkən futbol matçlarını “Santyaqo Bernabeu”dan izlədiyinizi dediniz. Həmin vaxt klubun prezidenti Lorenso Sans idi?

– Xeyr, mən Sansa qədər – 1993-95-ci illərdə “Real”da çıxış etmişəm. Klubun prezidenti Ramon Mendosa idi.

– “Real”ın hansısa futbolçuları ilə tanışlığınız var idi?

– Bəli, Davor Şuker ilə. Həmçinin Uqo Sançeslə.

– Azərbaycana ilk gəlişinizdə “Qala”nı çalışdırmısınız. Həmin vaxt Tahir Baxşıyev, Anar Sarıyev, Aleksandr Rındin kimi basketbolçuların inkişafında böyük rol oynamısınız. Hazırda belə istedadlarımız var?

– Bəli, var, amma işləmək lazımdır. O vaxt 4 il ərzində yaxşı komanda qurmuşdum. Gedişimdən sonra baş məşqçi Elxan Əliyev işimi davam etdirdi. Yadımdadır, milliniz hətta Avropa çempionatının seçmə mərhələsində İsveçlə oyunda hesabda öndə idi, qitə birinciliyinə yüksəlməyə yaxın idi. Sonra isə uzun müddət boşluq oldu, ölkədə basketbol yox idi. Yaxşı ki, indi vəziyyət dəyişib, federasiya çox yaxşı iş görür. Davam etmək, yeniyetmələrin böyüməsini gözləmək lazımdır. Mən 25 il əvvəl burada işləyəndə zallar azarkeşlərlə dolu idi. Çünki özüm məktəbləri gəzirdim, uşaqları məşqlərə dəvət edirdim. Giriş pulsuz idi, uşaqlar tribunaları doldururdu. Elə “Qarabağ” – “Sabah” matçında da əksər azarkeşlər 16-18 yaşlı yeniyetmələr idi. Düşünürəm ki, basketbolda da buna nail olmaq mümkündür. Uşaqları buna öyrəşdirmək lazımdır. Əvvəlcə 5, sonra 20 uşaq tribunaya gələcək, ardınca valideynləri də maraq göstərəcək. Gördüyüm qədəri ilə, federasiya bu istiqamətdə çalışır. 20 il əvvəl “Jalgiris” eniş yaşayanda klub müflisləşməyə yaxın idi, 15 minlik zala cəmi min azarkeş gəlirdi. İndi isə 10 ildir mövsümün əvvəlində bütün abonementlər satılır. Hətta “Jalgiris” hər il biletlərin qiymətini də artırır, ancaq yenə də tribunalar doludur. Çünki insanları buna öyrəşdiriblər.

663e81fcd0087663e81fcd00881715372540663e81fcd0085663e81fcd0086 - Futbolinfo.az

– Basketbol üzrə Azərbaycan çempionatının səviyyəsi sizi qane edir?

– Bəli, xüsusən də bu mövsüm xoşuma gəlir. Üçüncü mövsümdür buradayam və deyə bilərəm ki, aparıcı komandalarda legionerlərin səviyyəsi də artıb. “Abşeron, “Neftçi”, “Gəncə”… Döyüşkən komandalar çoxdur, mən bunu bəyənirəm. Avrokuboklarda Bakıda Almaniya “Alba”sına 9 xal fərqlə uduzduq, Çexiya “Nimburk”una qalib gəldik, Fransa “Elan Şalon”una son atışla məğlub olduq. Bizə bir az çatışmadı, 7 nəfərlə 12 güclü basketbolçusu olan Avropa komandalarına qarşı oynamaq çətindir. Amma mübarizə var idi. “Abşeron” və “Neftçi” də asan təslim olmurdu.

– Necə düşünürsünüz, “Sabah”ın basketbol komandası Litva çempionatında mübarizə aparsaydı, “Jalgiris” və “Ritas”la çempionpionluq uğrunda mübarizə aparardı?

– “Ritas”la hə, çünki mövsümöncəsi onlarla oynamışdıq. Yeri gəlmişkən, onlar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazandılar. “Sabah” “Ritas”a cəmi 7 xal fərqlə uduzmuşdu, “Jalgiris”ə isə 20 və ya daha çox xal fərqi ilə məğlub olmuşdu. Məncə, “Sabah” Litva liqasında çıxış etsəydi, ilk “4-lük”də yer alardı.

– Azərbaycanda idmandan başqa ən xoşunuza gələn və gəlməyən nədir?

– Hər şey xoşuma gəlir, heç bir problem yoxdur. İnsanlar yaxşı, mehribandır. Restorana gəlirsən, xidmət mədəniyyəti var. Yeməkləriniz əladır, hətta Litvadakı dostlarıma zəng edirəm ki, Azərbaycana gəlin, dünyanın ən yaxşı mətbəxi buradadır. Bakı çox gözəldir. 25 il əvvəl gördüyüm şəhərlə çox ciddi fərq var. Litvada “Bolt” taksi sifariş edirsənsə, 20 dəqiqə gözləyirsən və daha bahadır. Mənim üçün Bakıda həyat gözəldir: xidmətlə və basketbolla bağlı problem yoxdur. Heç bir ciddi çətinlik görmürəm. Avropada da hamıya deyirəm ki, Bakıya gəlin və özünüz hər şeyi görün.

mp kurtinaitis - Futbolinfo.az

– Litvanın idman naziri olmusunuz. Bəs ölkənizin prezidenti və ya baş naziri olmaq arzunuz var idi?

– Xeyr. Siyasətlə ötən əsrin 80-ci illərindən məşğulam, amma bunu dediyiniz yüksək səviyyədə etmək istəməzdim. İdman naziri olanda anladım ki, hər şeyin özümdən asılı olduğu işi görməyi sevirəm. Məsələn, idmançısan və olimpiya çempionu olub-olmayacağın öz əlindədir. Siyasətdə isə ölkən üçün nəyisə etməyə çalışırsan və kimsə çıxıb deyir ki, yox, bu, belə deyil. Sən də konkret nəticə olmadığına görə əksinə iddia edə bilmirsən. Belə bir test var: 10 nəfər aralarında sözləşib ağ kağıza qara deyirsə, sən də kağızın qara olduğunu düşünə bilərsən. Siyasətdə belədir, gündəlik nəticəni görmürsən. Mən idmanda olmağı daha çox xoşlayıram. Çünki baş məşqçiyəmsə və mövsümün sonunda çempion olduqsa – bu, 1 ilə qazanılan nəticədir.

TAHİR MİRZƏ

f49cb282 4cec 453e a761 e121aa178bde - Futbolinfo.az
Shares: