“Şamaxı” Misli Premyer Liqasının XXX turunda doğma meydanda “Sabah”a 0:3 hesabı ilə uduzdu. Oyunda zədələnərək mövsümü erkən başa vuran “şirlər”in braziliyalı müdafiəçisi David Santos həm bu, həm də digər məsələlərlə bağlı futbolinfo.az saytının suallarını cavablandırıb.

– Çempiona qarşı matça necə hazırlaşmışdınız?

– Yaxşı hazırlaşmışdıq, onların rahat gələcəyini bilirdik və bundan faydalanmaq istəyirdik. Təəssüf ki, bacarmadıq. Onlar hazır formadadırlar, çox yaxşı təşkil olunmuş, yüksək dinamika ilə oynayan və oyunun gedişatını istənilən anda dəyişə biləcək futbolçulara sahibdirlər. Müəyyən vaxta qədər onları nəzarətdə saxlaya bildik, lakin mənim zədələnməyimdən sonra qol buraxdıq və bu, komandaya təsir etdi.

– Görüşün 33-cü dəqiqəsində anidən zədələndiniz. Vəziyyətiniz necədir?

– Dizimdə burxulma oldu. Bu gün MRT analizi verdim və sabah nəticə çıxacaq. Rəqiblər də vəziyyətin ciddi olduğunu gördükləri anda mənə dəstək oldular.

– Meydanlara nə vaxt qayıdacağınız gözlənilir?

– Hazırda dəqiq tarixi bilmirəm. Amma 2025/26 mövsümü mənim üçün başa çatıb.

– Mövsümü erkən başa vurmağınız sizə psixoloji olaraq necə təsir etdi?

– Təsir etmir, çünki indiyə qədər çempionatda ən çox dəqiqə qazanan futbolçu idim. Komandama bacardığım qədər kömək etdiyim üçün qürur duyuram. Son 3 oyunda oynaya bilmədiyim üçün üzgünəm, çünki bu qarşılaşmalar “Şamaxı” üçün çox vacib olacaq.

– “Şamaxı”dakı karyeranızla bağlı nə düşünürsünüz? Başqa klublardan təklif almısınızmı?

– Mənə başqa təkliflər də gəlmişdi, amma “Şamaxı” ilə müqaviləm var və gedişat burada qalacağımı göstərir.

– Sizi “Şamaxı”ya Ayxan Abbasov dəvət etmişdi. Hazırda baş məşqçinizin gedişi gündəmdədir. Bu, karyeranızla bağlı qərarlarınıza necə təsir edə bilər?

– Məncə, karyeram meydandakı işimdən asılıdır. Məşqçimizə mənə bu imkanı verdiyi üçün çox minnətdaram, amma həyat davam edir. Futbolda bu normaldır.

– Azərbaycanda keçirdiyiniz bir mövsümü necə dəyərləndirirsiniz?

– Azərbaycanda oynamaqdan zövq aldığımı deyə bilərəm, bu liqa məni müsbət mənada təəccübləndirib. Rəqabət səviyyəsi çox yüksəkdir. Futbolçular fərdi olaraq çox yaxşıdırlar. Mən mənfi tərəflər haqqında danışmağı üstün tutmuram, yalnız yaxşı tərəflərə fokuslanıram.

CAVAD

Shares: