Moskva “Spartak”ının erməni futbolçu Araz Özbiliz türk əsilli isveçrəli baş məşqçi Murat Yakın haqqında ittihamlar səsləndirib. Futbolçu çalışdırcının onu uydurma “erməni soyqırımı”nın ildönümü kimi qeyd edilən 24 apreldə əsas komandadan məqsədyönlü şəkildə qovduğunu deyib: 
“Həm gülməli, həm də kədərlidi ki, Yakın məni “Spartak”ın əsas komandasından qovduğunu Osmanlı İmperiyasında ermənilərin soyqırımının ildönümündə bəyan etdi. Rəsmi versiyaya görə, mən hələ də zədəliyəm. Halbuki özümü çoxdan bəri əla hiss edirəm və yüz faiz hazıram. Bir aydan çoxdu ki, fiziki hazırlıq üzrə məşqçi ilə hazırlıqları başa çatdırmışam. Aydındı ki, bu mərhələdən sonra oyun kondisiyası toplamaq lazımdı. Amma ötən 5-6 həftə ərzində heç bir irəliləyişə nail ola bilməmişəm. İmkan verilmir. Komanda ilə sonuncu dəfə aprelin 17-də, “Mordoviya” ilə oyundan bir gün əvvəl məşq etdim. Ertəsi gün komandamız qalib gəldi və məşqçi oyunçulara 3 gün icazə verərək, köməkçiləri ilə birlikdə İsveçrəyə getdi. Komandada heç kim qalmadı. Anlamıram, peşəkar futbolda necə ola bilər ki, 4 məşqçinin hamısı eyni vaxtda getsin və komandaya tezliklə qayıtmaq istəyən oyunçunu hazırlaşdırmaq üçün kimsə qalmasın. Lazımi səviyyədə ünsiyyət yoxdu. Sonra məşqçilər qayıtdılar və bizi iki məşq gözləyirdi. Birində ümumi qrupda çalışdım, digərində isə Denis Qluşakov və Joao Karlosla birlikdə ayrıca çalışdıq. Yakına dedim ki, son bir ildə ilk dəfədir ki, gündə iki dəfə məşq edirəm. Ertəsi gün məşqin sonunda diz əzələlərimdə azacıq yorğunluq hiss etdim və bunu məşqçiyə söylədim. O isə bütün məşqçiləri və həkimləri toplayaraq, mənim hələ hazır olmadığını elan etdi. Şoka düşdüm”.
Özbiliz belə məşqçi ilə çalışmaq istəmədiyini bildirib: “Mən demirəm ki, dərhal əsas heyətdə oynamalıyam, lakin mən komanda ilə birlikdə çalışmaq istəyirəm ki, tezliklə lazımı kondisiyaya çatım. İnsanlara belə münasibətlə və kollektivdəki bu cür mikroiqlimlə uğurlara nail olmaq mümkün deyil. Mən də, digər futbolçular da komandada baş verənləri anlamırıq. Məni ikinci komandaya göndərəndə komanda yoldaşlarım buna inanmadı. Soruşurlar ki, niyə? Cavab verə bilmirəm. Mən hər zaman belə fikirləri yaxına buraxmamışam, amma indi özümə sual verirəm ki, bəlkə baş verənlər mənim erməni, məşqçinin isə türk olması ilə əlaqədardı? Bəs Movsisyan nə düşünsün? Son illər hər mövsümdə azı 15 qol vurub, lakin birdən ona inanmırlar və meydana buraxmırlar. Ölkədə ən yaxşı hücumçulardan biri olan Movsisyan birdən-birə necə ehtiyat oyunçuya çevrilə bilər?..”
Bu açıqlamalar isə klub rəhbərliyini xeyli qəzəbləndirib. Və çox keçməyib ki, Özbiliz bu və digər səsbəbə görə cəzalanıb. Rəhbərlik onu müqavilə öhdəliklərinin pozulmasına görə cərimələyib. “Spartak"ın baş direktoru Roman Asxabadze açıqlama verib və bildirib ki, futbolçunun mətbuatda çıxan açıqlamalarından sonra onunla bu barədə danışıb: "Bu səhər "Spartak"ın yarımmüdafiəçisi Aras Özbilizlə görüşdüm. Bu görüş kifayət qədər sərt oldu. Araz müqavilə öhdəliklərini pozduğu üçün onu iri həcmdə cərimə gözləyir. Özbiliz etdiyi səhvi də başa düşüb. Ehtimal ki, emosional hərəkət edib. O, cəzasını çəkməyə hazırdı. Baş məşqçi ilə müzakirədən sonra yekun qərarı verəcəyik. İstənilən vəziyyətdə oyunçu həmişə peşəkar olmağı bacarmaldı. Klub siyasətinin və müqavilənin şərtlərinin bütün aspektlərinə aydın riayət etməlidi".
Qeyd edək ki, Araz Özbiliz İstanbulda doğulub, daha sonra ailəsi ilə Hollandiyaya köçüb. Araz məşhur “Ayaks” klubunda peşəkar futbola başlayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp