“Həmin epizodda penalti qərarı doğru deyildi”. Futbolinfo.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
 
Topaz Premyer Liqasının VII turunda baş tutan “İnter” – “Qarabağ” (0:2) matçının son dəqiqələrində qonaqlar penalti qazansalar da, Məmmədov zərbəni kənara vurmuşdu. Baş hakim Elvin Əsgərov “bankirlər”in qapıçısı Georgi Lomayanın rəqib hücumçu Reynaldonu kobudluqla dayandırdığını düşünərək,  11 metrlik zərbə təyin etmiş, gürcüstanlı qolkiperi isə meydançadan qovmuşdu.
 
Zərbəni kənara vuran sabiq “İnter”li Elvin Məmmədov da düzgün hərəkət etdiklərini hesab edir: “Həmin anda mən də, digər futbolçularımız da, Qurban Qurbanov da baş hakimə yaxınlaşıb dedik ki, penalti yoxdu. Daha sonra “İnter”in futbolçuları da gəldilər, onlara da fikrimizi bildirdik. Baş məşqçimiz mənə işarə etdi ki, topu kənara vurum. Artıq futbolçular, hətta stadiondakı bütün tamaşaçılar bilirdi ki, topu qapıya vurmayacam. Əlbəttə, Qurban müəllim o tapşırığı verməsəydi, topun arxasına daha ciddi şəkildə keçərdim və qol vurmağa çalışardım”.
 
Qeyd edək ki, “Qarabağ” Dani Kintana (30) və Reynaldonun (90+3) qolları sayəsində 2:0 hesablı qələbə qazanıb. Meydan sahiblərinin əleyhinə penalti isə 90-cı dəqiqədə verilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp