“Qəbələ” – “Xəzər Lənkəran” matçını izləmək üçün Bakıdan çıxanda bizi təyin olunan yerdə güclü yağış gözlədiyini bilmirdik. Ona görə də həmkarlarımın əksəriyyəti Bakınin isti havasına aldanıb nazik paltarla səfərə yollanmışdı. Hətta Şamaxıda çay süfrəsi arxasında əyləşəndə də bu aiqbəti proqnozlaşdıra bilməzdik.
Artıq Qəbələyə çatanda leysan yağırdı. Burada nahar fasiləsinə çıxanda isə bəzi yerləri sel apardığını da eşitdik. Təbii ki, bu zaman ən çox verilən sual “oyun keçiriləcəkmi?” oldu.  Amma matçın baş tutmayacağından söhbət belə gedə bilməzdi.
Bizi aparan avtobus Qəbələ şəhər satdionuna çatanda artıq yağış səngimişdi. Amma bizi qarşıda başqa bir yağış gözləyirdi…
Media mənsubları onlara ayrılan yerdə qərar tutanda sanki nəyinsə çatışmadığını hiss edirdik. Belə ki, son aylarda uğurlu çıxışı ilə fərqlənən komandaya azarkeşlər biganə idi. Yalnız 200-300 fədakar tərəfdar əlverişsiz havaya baxmayaraq, tribunada son dəqiqələrə kimi sevimlilərinə dəstək oldu.
Dodo ümidlərimi hələ 8-ci saniyədə dəfn etdi. Peşəkar Futbol Liqası “Topaz”la birgə hər dəfə jurnalistləri bölgələrə aparmaqla yanaşı, onlar arasında sorğu da keçirir. Hamı matçın nəticəsini proqnozlaşdırmalı, hesabı düzgün tapan 1000 manat mükafatı alacağı günü gözləməlidi. Amma mən gözləməyəcəm. Bunu isə oyun başlayan kimi bildim. Cənubluların son matçlarda inadkar oynaması, “Qəbələ”nin Krasnodar səfərindən yorğun qayıtdığını düşünüb, matçda qol olmayacağına ümid edirdim…
Oyunun startı ilə yağışın başlaması üst-üstə düşdü. Artıq 8-ci saniyədə Dodo “Qəbələ”ni hesabda irəli çıxardı və bununla da jurnalistlər arasında “Topaz”ın mükafatından əlini üzən ilk şəxs mən oldum.
Meydançadan kənardakı şəxslər ancaq göydən tökülən yağışla islanırdısa, lənkəranlı baş məşqçi Yunis Hüseynov və yetirmələrinin vəziyyəti daha acınacaqlı idi. Çünki cənublu futbolçular həm də qol yağışında islanırdı. Çətirsiz qalan Yunis Hüseynov isə olub-bitənləri yerindən seyr edirdi.
Qollar sıralandıqca oyunun diktoru İlkin Xəlilov da təbə gəlirdi. Onun vurulan qollardan sonra mikrafonla dediyi “bitməz bu qol yağışı, kəsməsə təbiət yağışı” sözlərinin əksinə olaraq, “Qəbələ”nin qol yağışı 89-cu dəqiqədə dayandı.
Son vaxtlar hər açıqlamasında rəqibini 5:0 hesabı ilə udacağını söyləyən Roman Qriqorçuk arzusuna çatmışdı. Görünür, qarşısına “Xəzər Lənkəran”ı məhv etmək məqsədi qoyanlar da artıq arzusuna çatmaq üzrədi. “Ağ-yaşıllar”ın vitse-prezidenti Tuyqun Nadirov isə final fitindən əvvəl stadionu tərk etmişdi. Yəqin indi bir çox cənublu azarkeş ürəyində “kaş elə birdəfəlik uzaqlaşaydı” sözlərini acı təəssüflə söyləyir.
ELMAR ABDULLA-ZADƏ, Bakı – Qəbələ – Bakı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp