Topaz Premyer Liqasının 7-ci turunda keçirilən iki matç – AZAL – “Rəvan” və “Qəbələ” – “Xəzər Lənkəran” matçlarından sonra qonaq komandalarının baş məşqçiləri Emin Quliyev və Yunis Hüseynov mətbuat konfransına gəlmədi. Bu isə nizamnaməyə ziddi. Çünki AFFA-nın qaydalarına əsasən, ölkə çempionatı və kubok oyunlarından sonra komandaların baş məşqçiləri mətbuat konfransında iştirak etməlidirlər. 
Quliyevin komandasının ardıcıl 7-ci turda da qələbə üzünə həsrət qalması və sonuncu pillədən qurtulmaq uğrunda əsas rəqibi olan AZAL-a yenilməsindən, Hüseynovun isə “Xəzər Lənkəran” tarixində ən böyükhesablı məğlubiyyətdən sonra təzyiqi qalxıb. Bəs, AFFA İntizam Komitəsində bu məsələyə baxılacaqmı? Baxılmayacaqsa, mütəxəssislərin səhhətinin pisləşməsi barədə federasiya hansı təlimatlara söykənərək, qərar çıxarır? Klub həkimlərinin rəyi kifayət edirmi ki, baş məşqçilərinin səhhətinin pisləşməsini önə çəkərək, onları mətbuat konfransından azad etsin?
Sualların şaxələnməsi bu yolda sözün həqiqi mənasında saç ağartmış Məlik Həsənovla əlaqə saxlamağımıza zərurət yaratdı. İntizam Komitəsinin üzvü “suların durulması”nı təmin edən cavab verdi: “Həm Emin Quliyev, həm də Yunis Hüseynovun mətbuat konfransına qatılmamalarına İntizam Komitəsində baxılacaq. Fors-major? Bəli, fors-major hallar istisna olunmur. Ancaq belə olan halda baş məşqçi konfrans zalına daxil olub, jurnalistlərdən üzr istəyib, getməlidi”.
Yeri gəlmişkən, Həsənov “İnter”in futbolçuları – Georgi Lomaya və Zurab Xizanişviliyə Elvin Əsgərovun “Qarabağ”la oyunda göstərdiyi qırmızı vərəqələrə dair etdiyi şikayətlə bağlı da sualımızı cavablandırdı: “Əlbəttə ki, qırmızı vərəqələr İntizam Komitəsində müzakirə olunacaq və müvafiq qərarlar çıxarılacaq. O ki qaldı penalti məsələsinə, buna Hakimlər Komitəsi qiymət verəcək”.
Sonda “Rəvan” və “Xəzər Lənkəran” klublarının mətbuat xidmətləri ilə də əlaqə saxlayaraq, Emin Quliyev və Yunis Hüseynovun səhhətiylə maraqlandıq. Sevindiricidi ki, hər iki mütəxəssis özünü normal hiss edir. Allah şəfa versin!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp