Sabah millimiz İtaliya ilə Avropa Çempionatının növbəti seçmə matçına çıxacaq. Ənənəvi olaraq, bayraqlar dalğalanacaq, himnlər səslənəcək. Bu, FİFA-nın qanunlarıdı ki, buna da riayət olunur. Daha sonra oyunun start fiti səslənəcək və beləcə, 2 hissəli tamaşa təqribən 110 dəqiqədən sonra başa çatacaq.
Əlbəttə, İtaliya kimi rəqiblə oyunda qazanılan 1 xal belə millimiz üçün uğur sayılacaq. Ancaq daha Ali məqsədlər var ki, bu da imiclə bağlı. Özü də söhbət ölkəmizin imici ilə… Bu yazıda diqqətinizi 2 məqama yönəldəcəyik və bunlardan biri olduqca asan, digəri isə mürəkkəb, amma mümkünsüz olmayan bir istiqamətdi. Özü də hər iki məqam sırf dövlət himnimizlə bağlıdı.
Məlum olduğu kimi, himn dövlət atributlarından biri hesab olunur. Bu bayrağı təmsil edən hər bir kəs atributa hörmətlə yanaşmağa borcludu. Bu, nə xahiş deyil, nə də təkid. Bu, tələbdi! Milli komandamızın formasında meydana çıxan hər bir futbolçu dövlət himnimiz səslənərkən onu oxumalıdı! Buna borcludu! Siz “Yeni ulduz” müsabiqəsinə qatılmırsınız ki, deyəsiz “səsim yoxdu”.
Xüsusilə, qıcıqlandırıcı məqam milliləşən futbolçuarın dövlət himnimizi nəinki oxumaması, heç sözlərini bilməməsidi. Mənim ölkəmin vətəndaşısansa, mənim ölkəmi təmsil edirsənsə, mənim ölkəmin mükafatını almağa qadirsənsə, zəhmət çək, mənim ölkəmin himni səslənərkən, oxu! Oxumalısan! Borclusan! 
Ay Dmitri Nazarov, ay Arif Daşdəmirov, ay Bədavi Hüseynov və başqaları, bu, xahiş deyil, bu, tələbdi! Özü də tək milliləşənlərdən tələb olunmur, formanı geyinən hər bir futbolçu himni oxumalıdı! Bunu özləri etmirlərsə, AFFA tələb etməlidi. Ancaq belə etinasız münasibətə göz yummaq olmaz. Bilmirəm, bəlkə də federasiya rəsmiləri buna cəhd edib və hansısa futbolçular imtina edib. Belədirsə, həmin oyunçu, onun bu ölkənin yığmasına verdiyi xeyir də gərək deyil. Ey AFFA məmurları, qoyun papağınızı qarşınıza və düşünün: ölkənizə hörmət etməyən futbolçu sizə hansı hörməti qoya bilər?
İkinci məqam daha mürəkkəbdi, ancaq çalışmağa dəyər. Söhbət FİFA-nın tələbinə uyğun olaraq, dövlət himnlərinin qısaldılmış formada səsləndirilməsindən gedir. FİFA bir qurumdu, ancaq heç bir ölkə üçün ali instansiya hesab olunmur. Kimlərsə deyə bilər ki, Almaniya, İngiltərə, Fransa kimi nəhəng ölkələr bununla razılaşıbsa, Azərbaycan nə edə bilər? Cavab sadədi: FİFA üzvləri bərabər hüquqa malikdi. FİFA-nın elə bir qaydası yoxdu ki, bütün şikayətlər və yeniliklər ancaq dünya çapında sayılıb-seçilən ölkələr tərəfindən verilə bilər. Azərbaycanın ali futbol qurumu dövlət atributumuza hörmətsizlik edən FİFA-nı beynəlxalq məhkəməyə vermək hüququna malikdi. Və bir anlıq düşünün, bu məhkəmədən məğlub ayrılsaq, nə baş verəcək, qalib ayrılsaq, hansı həngamə qopacaq!? Hər iki variant barədə fikir üzdədi.
Məğlub ayrılacağımız təqdirdə bu, sıradan bir məhkəmə kimi beynəlxalq aləmdə heç kim tərəfindən müzakirə obyektinə çevrilməyəcək. Qalib gələcəyimiz halda, faktiki olaraq, FİFA-nın qanunlarından birinin dəyişdirilməsinə nail olacağıq. Çünki belədə tək Azərbaycanın deyil, FİFA bayrağı altında çıxış edən 208 ölkənin hər birinin dövlət himninin tam şəkildə səsləndirilməsinə nail olacağıq. Bu isə “Azərbaycan” adının 208 ölkədə təbliğatı deməkdi. Eyni zamanda, futbol tarixində də Azərbaycan silinməz bir iz buraxacaq. 
Əlbəttə, himnin tam səslənməsinə nail olmaq üçün müəyyən vəsait xərclənməlidi. Elə vəkillərin xidmət haqqı az məbləğ təşkil etməyəcək. Bura məhkəmə xərcləri, elə həmin vəkillərin müxtəlif ölkələrə uçuşları və digər xərclər də əlavə olunacaq. Amma qazanılacaq dividend bütün xərcləri kölgədə qoyur.
İlk baxışdan avanütrist addım kimi görünsə də, əslində məhkəməni udub, FİFA-nın "dimdiyini yerə vurmaq" olar. Sadəcə, qol qoyub, başlamaq lazımdı.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp