Ötən gün Azərbaycan Kubokunun 1/16 final mərhələsinin son oyununda “Qaradağ Lökbatan” “Şərurspor”u məğlub edib. Futbolinfo.az xəbər verir ki, əsas və əlavə vaxtı heç-heçə (3-3) bitən matçda qalib penaltilər seriyasında müəyyənləşib. Penaltiləri “Qaradağ Lökbatan” daha dəqiq yerinə yetirib – 5-4. Matçdan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb: 
Məmmədəli Qəniyev (“Şərurspor”un baş məşqçisi): “İlk növbədə “Qaradağ Lökbatan”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox gərgin və maraqlı oyun oldu. İstərdim ki, Azərbaycan çempionatında belə qarşılaşmaların sayı çox olsun. Biz yeni yığılmışıq. Oyunun gedişində məcburi əvəzetmələr oldu. Nəticədən asılı olamayaraq, komandamın oyunundan razıyam”.
Araz Əliyev (“Qaradağ Lökbatan”ın məşqçisi): “Şərurspor” yeni yaransa da, mübarizə apardı. Açıq futbol oynadıq, nəticə göz önündədir. Oyundan öncə bəzi xoşagəlməyən məlumatlar yayılmışdı. Amma oyun gərgin mübarizəyə səhnə oldu. Biz  qələbəni penaltilər seriyasında əldə etdik. Penaltilər şansa bağlıdır. Biz bundan maksimum yararlandıq. Rəqibə isə çempionat oyunlarında uğurlar arzulayıram”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp