11 noyabr 2015-ci il. Bir aydı gözlədiyimiz xəbəri eşitdik…
 
Futbolinfo.az saytının məhkəməyə veriləcəyini bilirdik. Amma yalnız həmin gün bildik ki, sən demə, ilk iclas noyabrın 5-nə təyin olunub və həmin tarixdən 6 gün ötəndən sonra bizi xəbərdar ediblər.
 
Məhkəməyə hörmət əlaməti olaraq, noyabrın 12-də Yasamal rayon məhkəməsinə yollandıq, vəziyyəti başa saldıq. Bunu həm də ona görə etdik ki, sonradan bizi saymamazlıqda günahkar bilməsinlər, bildirişin bizə xeyli gec çatdığından xəbərdar olsunlar.
 
Noyabrın 13-də isə bizə növbəti bildiriş gəldi. Bu dəfə problem olmadı. Dekabrın 1-i saat 11:15-də baxış iclası baş tutacaq. Yəni, rəqibdən “müharibə çağırışı”nı almışıq, uzun müddət davam edəcək dava mütləq olacaq.
 
Bizi kim və niyə məhkəməyə verib?
 
Niyəsi odur ki, guya kiminsə işgüzar nüfuzunu ləkələmişik. İddia ərizəsinin bütün müddəaları haqqında, eləcə də detallar barədə növbəti yazıda bəhs edəcəyik. Hələliksə onu biləsiz ki bizdən dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər. Bunu hələ aydınlaşdırmaq, kimin kimə nə ziyan vurduğunu, kimin kimə şər atdığını dəqiqləşdirmək lazımdı.
 
O ki qaldı iddiaçıya, bu, “Bəvan” Peşəkar Futbol Klubudu. Bəli, “B(!)əvan”. Vallah, kimisə təhqir etmirik, Yasamal rayon məhkəməsindən gələn bildirişdə klubun adı 2 yerdə çəkilib və hər ikisində də belə yazılıb.
 
Zarafat bir yana, “Rəvan” bizimlə məhkəmədə üz-üzə gəlməyi lazım bildi. Klubun sahibi olan Nuru Əliyev mətbuatla bu dildə danışmaq qərarına gəldi və təbii ki, qarşılığı da eyni olacaq. Biz də Əliyevin klubu, şirkəti və özü ilə hüquq müstəvisində mübarizə aparacağıq. Ola bilsin, bu adam nüfuzuna, imkanlarına, təsir qüvvəsinə və s. arxalanıb azad mətbuatın dilini kəsəcəyinə, haqlı tənqid edənləri susduracağına ümid edir. Biz isə qanunun aliliyinə, məhkəmənin ədalətinə arxayınıq və sona kimi müdafiə olunacağıq.
 
Yeri gəlmişkən, son günlər futbolinfo.az saytının əvvəlki gücü ilə işləməməsinin səbəbi heç də hansısa məhkəmədən və ya başqa nədənsə qorxması ilə bağlı deyil. Son günlər operativlikdə gecikməyimiz, aktual mövzulara nisbətən gec reaksiya verməyimiz, bir sözlə, qismən zəif işləməyimiz sırf texniki detallarla bağlıdı. Artıq yeni və daha yaxşı işləməyimizə imkan verəcək redaksiyaya köçmək işlərini yekunlaşdırdıq. Bugündən etibarən yenə əvvəlki futbolinfo.az-ı izləyə biləcəksiz. Nuru Əliyevin istədiyi məhkəmə isə bizi daha da ruhlandırır. Deməli, düzü yazmaqla, problemləri qabartmaqla kimlərinsə kürkünə birə salmışıq. Belədisə, yaşamağa, daha həvəslə işləməyə dəyər. Dekabrın 1-də görüşənədək…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp