Ötən gün Azərbaycan milli komandası yoldaşlıq matçı çərçivəsində Moldovanı Bakıda 2:1 hesabı ilə məğlub etdi. Qarşılaşmanı izləyənlər arasında zədə səbəbindən yığmadan kənar qalan komandamızın kapitanı Rəşad Sadıqov da var idi. O, qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün çox maraqlı oyun izlədik. Düzdü, arada 5-10 dəqiqə oyunumuzu itidik. Amma bu normaldı. Ümumi götürsək matçboyu çox yaxşı futbol nümayiş etdirə bildik. Çoxlu qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Amma əsas odu ki, qalib gəldik. Ümidverici bir oyun oldu. 
– Zədənlə bağlı nə deyə bilərsən? Nə vaxt sağalacaqsan?
– Əzələmdə 1-ci dərəcə yırtıq var. Həkimlər də çalışır ki, məni “Tottenhem”lə oyuna kimi sağalda bilsinlər. Amma bunun nə dərəcədə alınacağı son günlərdə bilinəcək.
– Ümumiyyətlə, məşqlərdə iştirak edə bilirsənmi?
– Xeyr, yalnız sabahdan etibarən 10-12 dəqiqə qaçmağa başlayacam. 
– Bir müddət öncə milli karyeranı başa vuracağın gözlənilirdi. Qərarını dəyişmisən?
– Düzdü, bir ara belə qərar vermişdim. Amma qəti fikrim deyildi. Sonradan bu barədə düşündüm ki, bəlkə millidən getməsəm həm mənim, həm də milli üçün sonradan daha da yaxşı ola bilər. Bu məsələ ilə bağlı baş məşqçi Robert Prosoneçki ilə 3 dəfə görüşdük. Son görüşdən sonra milli karyeramı davam etdirmək qərarı aldım. Komandaya nə qədər lazım olacamsa, əlimdən gələni edəcəm. Əgər milliyə layiq olmadığımı hiss etsəm, gedərəm.
– Artıq milli komandamız üçün 2015-ci il başa çatır. İli necə dəyərləndirirsən?
– 2014-cü ili uğursuz başa vurduq. Sonradan komandaya yeni baş məşqçi gəldi və qısa bir zamanda millini toparlayıb, oyun fəlsəfəmizi tamamilə dəyişdi. Bu gün də meydanda hücum edən bir komanda gördük. Bu, çox sevindirici haldı. Yalnız Bolqarıstanla səfər matçını uğursuz keçirdik. Baş məşqçimiz bizə inanır. Mənimlə təkbətək söhbətlərində də inamla söhbət edirdi. Gələn seçmə mərhələdə əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp