Dünən Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Moldovanı qəbul edən yığmamız rəqibini 2:1 hesabı ilə üstələyib.
Bakı Olimpiya Stadionu keçirilən matç bəzi maraqlı məqamlarla yadda qalıb. Belə ki, Moldova üzərində qazanılan qələbə millimizin adıçəkilən arenada ilk qalibiyyəti kimi tarixə düşüb. Bundan başqa, komandamızı qələbəyə daşıyan Ağabala Ramazanov da əsas millidə ilk qolunu vurub. Həmçinin, qazanılan qələbə komandamızın moldovanlar üzərində 2-ci belə uğurudu. Yığmamız bu rəqib üzərində yeganə qələbəsini 17 il öncə, yəni 1998-ci ildə qazanmışdı – 1:0.
Matçda avtoqola imza atan rəqib futbolçu Katalin Karp millimizlə görüşlərdə qapıları səhv salan 3-cü oyunçu oldu. Ona qədər 1993-cü ildə Gürcüstanla qarşılaşmada Lobjanidze, ötən il İtalya ilə matçda Kyellini yığmamızı sevindirmişdi.
Bu oyunla da millimiz 2015-ci ili başa vurdu. Bu, yığmamızın 23 illik futbol tarixində ili qələbə ilə yekunlaşdırdığı 3-cü haldı. Daha öncə isə 1993 və 1998-ci ilə komandamız major notda yekun vurmuşdu.
Onu da əlavə edək ki, dünən saytımızda Rahid Əmirquliyevin millini kapitan kimi ilk dəfə meydana çıxardığı yazılmışdı. Yarımmüdafiəçinin özü ilə dəqiqləşdirdikdən sonra aydın oldu ki, Əmirquliyev millini ilk yox 2-ci dəfə kapitan kimi meydana çıxarıb. O, daha öncə də – cari ilin iyununda Serbiya ilə yoxlama görüşündə də kapitanlıq sarğısını qoluna keçirib.