Premyer-liqa
Tərlan Əhmədov: "Klubun büdcəsi 150 mindir"
"Əvvəla rəqibi təbrik edirəm. Elbrus müəllimə cavanla…
"Əvvəla rəqibi təbrik edirəm. Elbrus müəllimə cavanlardan belə komanda yaratdığı üçün təşəkkür edirəm. İlk dəqiqələrdə bizə sürpriz yaşatdılar. Oradakı futbolçuların gələcəyi var". Futbolinfo.az xəbər verir ki, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov oyunu belə şərh edib: "Mövsümün sonuna yaxınlaşdığımıza görə, yorğunluq var. Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. "Rəvan"a hardasa yuxarıdan aşağı baxdıq və acı nəticəsini gördük. İkinci hissədə Nuqzar Kvirtiyanın meydançaya çıxması öz sözünü dedi. Son oyunlarda Murad Səttarlının olmaması da bizə problem yaradır. Qarşıda "Neftçi" ilə oyun var və Avroliqaya yüksəlmək üçün mütləq qələbə qazanmalıyıq. Uşaqları həmin oyuna kökləmək lazımdır. Həftə ərzində bilirdim ki, uşaqları oyuna kökləmək çətindir. Həm evdə oynayırdıq, həm də rəqib sonuncu pillələrdə qərarlaşmışdı".
O, avrokubok şanslarını da dəyərləndirib: "Bu komandaya iyunda gəldim və rəhbərliklə görüşdüm. O zaman dedilər ki, klubun büdcəsi 150 mindir. Fikrət müəllim dedi ki, sənin karyeranı sual altına qoya bilmərik. Bilirdim ki, mənim üçün ağır olacaq. Ancaq hər şey istəkdən asılıdır. Özümü də sübut etmək lazım idi. Karyeramda böyük sırçayış ola bilərdi. Futboldan silinmiş uşaqları çağırırsan və görürsən ki, hələ nəsə açılmayıb. Heyətimizdə elələri var ki, nə qədər çətin də olsa, oynaya bilirlər. İlk növbədə komandada ailə qurmağa çalışdıq və başda da Rail Məlikov dayanır. Bu həftə Zaur müəllimlə görüş olmalıdır. Rəhbərlik də bilir ki, bu heyətlə, büdcə ilə Avroliqada heç nə etmək olmaz. İlk olaraq hədəfimiz Premyer Liqada qalmaq idisə, indi Avropa Liqasından danışırıq. Hacı Əhmədovun komandada qalıb-qalmamasına gəlincə, hələ öz aqibətimi bilmirəm".