Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış oyununu (AZAL – "Neftçi") izləyən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev matçdan sonra futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Mövsümün açılış oyunu haqda nə deyə bilərsiniz?
– Oyun maraqlı keçdi. Yeni mövsümün açılış münasibəti ilə klublarımızı, futbolsevərləri təbrik edirəm. Ötənilki çempionatın sonu pis alınmadı. Artıq iki təmsilçimiz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Onlara uğurlar arzulayırıq. Bu çempionat daha güclü keçəcək.

– Oyuna iki qırmızı vərəqə göstərildi, qeydə alınmayan qol oldu…
– Sayılmayan qol deyirsiniz, amma qolun olduğu dəqiq deyil.

– Videotəkrara, eləcə də “Neftçi” azarkeşlərinin qənaətinə görə, həmin epizod zamanı top qapı xəttini keçmişdi.
– “Neftçi”nin azarkeşləri bunu deyə bilərlər, çünki bu gün qalib gəliblər. Fakt faktlığında qalır. Həmin epizoda PFL-in kameralarından da baxacağıq. Ola bilsin, qol olsun və ya olmasın. İndi hakimlə görüşdüm. Ramil Diniyev əlavə köməkçi hakimdi. O dedi ki, Ramin müəllim, qolun olmadığına əminəm.

– Bu cür başlanğıcdan sonra çempionatın maraqlı keçəcəyini düşünmək olarmı?
– Qırmızı vərəqələrə görə futbolçular sağ olsunlar (gülür).

– Oyundan zövq ala bildinizmi?
– Birinci oyun olduğunu nəzərə alsaq, bəli. “Neftçi” gücünü ikinci hissədə göstərdi. Bunu da gözləyirdim. Çünki komanda həm avrokuboklarda oynayıb, həm də bu qədər hazırlıq keçib. Bu cür davam edəcəyənə inanmırdım.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp