Ölkə futbolu
Kabab iyinə gələnlər: “Kəpəz”i manqaldan Vəliyev çıxardı
Ötən tur nəhayət ki, qələbə sevinci yaşayan “Kəpəz…
Ötən tur nəhayət ki, qələbə sevinci yaşayan “Kəpəz” Sumqayıta da “kabab iyi”nə gəlmişdi. Rəqib də münasib idi. Yalnız ilk turda aktivinə xallar yazdıran Samir Abasovun komandasının çempionat start götürməmişdən əvvəl də autsayderlər sırasında qərarlaşacağına şübhə yox idi.
Ancaq Sumqayıtda kabab iyi gəlsə də, bu, heç də məcazi mənada deyildi… Stadionun ətrafındakı restoranlardan birində bişirilən çeşidli kabab növlərinin tüstüsü azyaşlı uşaqlardan ibarət “Sumqayıt” fanatlarının əyləşdiyi tribunanın üstünü bürümüşdü. Azyaşlı cocuqların mövcud iqtisadi böhran zamanı bu cür kabab sınağına çəkilməsi acı mənzərə idi. “Sumqayıt” klubunun rəhbərliyi ən azından oyun günlərində restoran sahibinə vəziyyəti izah etməlidi. İkinci variant isə həmin restoranın stadion ətrafından yığışdırılmasıdı…
Nə isə, qayıdaq öz “kabablarımız”a. “Kəpəz” cütlüyün favoriti olsa da, meydanda bunu görmək mümkün deyildi. Gəncə təmsilçisinin fiziki və ya taktiki problemi yox idi. Komandanın ən ciddi qüsuru psixoloji aspektlə bağlı idi. Şahin Diniyev yetirmələrini oyuna kökləyə bilməmişdi. Futbolçular sanki qol vurmağa zərurət duymurdular. Elə təəssürat yaranırdı ki, “Sumqayıt” özü qonaqların əvəzinə topu qapıdan keçirəcək.
Doğrudu, ilk yarıda Jülyen Ebah Fərhad Vəliyevi də aldadaraq boş qapı önündə qaldı. Ancaq Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası gəncəlilərin halalca qolunun vurulmasının qarşısını yanlış ofsayd qərarı ilə aldılar. “Gənclik şəhəri” təmsilçisi isə daha istəkli görünür, rəqibi üçün “kabablıq ət” olmadığını hər an nümayiş etdirməyə çalışırdı.
İlk yarının son 15 dəqiqəsində sumqayıtlıların ərazi üstünlüyü daha qabarıq şəkildə üzə çıxmağa başladı. Diniyevin dadına fasilə də çatmadı və ikinci 45 dəqiqə də “Sumqayıt”ın diqtəsi altında keçdi. Nəhayət, 69-cu dəqiqədə bir neçə epizodda publikanı coşdurmağı bacaran Vaqif Cavadov qapı qarşısındakı qarışıqlıqdan istifadə edərək, hesabı açdı.
Nə qədər təzadlı səslənsə də, Cavadovun qolu “Sumqayıt”ı “dəfn etdi”… Yox, buraxılan qoldan sonra “Kəpəz” əlahiddə heç nə etmədi. Sadəcə, Abasovun yetirmələri öz əlləri ilə təşəbbüsü qonaqlara verdilər. Fərqlənmək üçünsə Gəncə klubuna cəmi 4 dəqiqə kifayət etdi. Kərim Diniyev görünür Sumqayıt yolunda təmir işlərinin getdiyindən xəbərdar idi. “Kəpəz”in baş məşqçisinin oğlunun qapıya endirdiyi zərbə təqribən Masazırdan yönəlmişdi. Ancaq Fərhad Vəliyev üçün bu top da qarşısıalınmaz oldu.
Məhz bu epizoddan sonra “Kəpəz” təşəbbüsü ələ keçirdi. Qonaqlar daha bir neçə dəfə Vəliyevin qoruduğu qapıya təhlükəli zərbələr endirdilər. Ən qəribəsi budu ki, “Qarabağ”ın sabiq qolkiperi bu topların heç birinə reaksiya vermirdi. Sadəcə, bəxt “Sumqayıt”ın tərəfində idi.
Beləcə, kabab iyinə gələn “Kəpəz” özü şişə çəkilməkdən kuryoz qol hesabına qurtuldu. Oyunu tribunadan izləyən Mehman Allahverdiyevdən müsahibə götürmək üçün göstərdiyimiz hər 2 cəhd bəhrə verməyincə, matçsonrası mətbuat konfransına tələsdik. Sumqayıt stadionunun tribunaları yavaş-yavaş boşalırdı. Elə ətrafı bürüyən tüstü və kabab qoxusu da xeyli səngimişdi. Ancaq tərəflərdən hansının şikara çıxdığını, hansının ov olduğunu söyləyə bilmərik: tərəflər elə 1 xallıq futbol sərgilədilər ki, yekunda da layiq olduqlarını aldılar.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-06-01 08:30
Almeyda “Qarabağ”da qalır
- Ölkə futbolu2024-05-31 09:07
“Turan Tovuz”da qapıçı qalmadı: Aydın da “Zirə”yə getdi
- Milli komanda2024-05-31 16:45
Vayss millimizə rəhbərlik etməyəcək: yerlilər arasından seçim edilə bilər
- Ölkə futbolu2024-06-01 09:25
“Şamaxı” Ramiz Məmmədova xələf axtarır