Bir müddət öncə "Qarabağ"dan ayrılan Con Delarj karyerasını Çexiyada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, konqolu yarımmüdafiəçi bu il əsas liqaya yüksələn "Dinamo Çeske-Budeyovitse" ilə müqavilə bağlayıb. Məlumatı klubun rəsmi saytı yayıb. 29 yaşlı vinger ilin sonuna kimi sözügedən komandanın formasını geyinəcək. Ancaq klubun baş meneceri Martin Vozabal qışdan sonra müqavilənin müddətinin uzadıla biləcəyini istisna ertməyib:

"Hələlik 4 aylıq müqavilə bağladıq. Qış fasiləsindən sonra qarşılıqlı söhbət edəcəyik. Hər şey onun nə verəcəyindən və bizim ona nə təklif edəcəyimizdən asılı olacaq".

Delarjın "Dinamo" ilə müqaviləsi hələ qüvvəyə minməyib. Çexiya klubu AFFA-nın afrikalı futbolçunun sənədlərini göndərməsini gözləyir.

Qeyd edək ki, Delarj ötən ilin yayında "Qarabağ"la 2+1 illik müqavilə imzalamışdı. İntizamsılığına görə əsas heyətdən kənarlaşdırılan futbolçu əvəzedici komandaya göndərilmişdi. O, daha əvvəl Çexiyada "Slovan" (Liberets) klubunun da formasını geyinib.

Shares: