“Belə bir vaxtda komandanı idarə etmək asan deyil. Hamımızın fikri ön cəbhəyə yönəlib”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin Polşa “Legiya”sı ilə səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.
48 yaşlı mütəxəssis bildirib ki, məşqçilər heyəti futbolçuları oyuna düzgün hazırlamağa, onlara doğru informasiya verməyə çalışır:
“Bilirik ki, vacib oyuna çıxacağıq. Mərhələ bir matçdan ibarətdir. Üstəlik, səfərdə oynayacağıq. Rəqib ardıcıl 4-cü matçını evdə keçirəcək. İtkilərimiz çox olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. Səfərə məğlub olmağa getmirik. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibdən çəkinmirik, uduzsaq belə, onların üzərinə gedəcəyik. İnanıram ki, futbolçular vəziyyəti yaxşı dərk edirlər. Hamımız istəkli və arzuluyuq”.
UEFA-nın hər hansı təxribatın qarşısının əvvəlcədən alınması üçün “Legiya” ilə oyuna xüsusi nümayəndə təyin etməsinə toxunan Qurbanov heç kimdən çəkinmədiklərini söyləyib: “Onları yaxşı tanıyırıq. Ona görə də bizim üçün elə də önəmli deyil. UEFA öz üstünə düşən vəzifəni yerinə yetirəcək. Biz isə öz oyunumuza hazırlaşacağıq və meydanda çəkinmədən mübarizə aparacağıq. İnanmıram ki, ermənilər biz olan tərəfə yaxın gəlsinlər. Həmişəki kimi, məndə belə hisslər var. Kimsə gəlsə belə, kənardan nə isə edib qaçacaq”.
Baş məşqçi haitili yarımmüdafiəçi Donald Geryedən başqa bütün futboçuların Polşaya aparıldığını deyib: “Xayme Romero iki gündür məşqlərə başlayıb. Abdullah Zubir isə hazırlığa 1 gün öncə start vermişdi, komanda ilə daha çox məşq edib. Mahir Emrelinin durumu onlardan bir qədər pisdir. Düzdür, komanda ilə məşq etdi, bəzi anlarda onu qoruduq. Amma oyuna hələ 2 gün var. İnanıram ki, matçadək hamısı daha yaxşı vəziyyətdə olacaq”.
Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.