“Qəbələ”nin hücumçusu Ceyms Adeniyinin futbolinfo.az-a müsahibəsi
– “Turan Tovuz”la matçda çox güc sərf etmədən qələbə qazandınız…
– Bizim üçün yaxşı oyun oldu. Əsas odur ki, növbəti mərhələyə vəsiqə qazandıq. Yaxşı oynadıq və qalibiyyətə layiq idik.
– Azərbaycan kubokunun ilk mərhələsində Premyer Liqa klubları o qədər əziyyət çəkmir. Sizin üçün çətin nəsə var idi?
– Düşünmürəm ki, çox asan oyun oldu. Öncə onu deyim ki, matçdan qabaq 6 saat yol getdik və süni meydanda oynadıq. Bunları nəzərə alaraq deyə bilərəm ki, asan matç olmadı.
– Vurduğun qolda rəqib futbolçular etiraz edirdi. Orda nə baş vermişdi?
– Hakimin qərarı var idi. O, bizə fol vermədi və matçın davam etdirilməsini istədi. Avantaja şərait yaratdı, lakin “Turan Tovuz” futbolçuları deyirdi ki, biz oyunu dayandırmışdıq, oynamırdıq.
– “Qəbələ”də qalacaqsan, yoxsa buradan getmək istəyirsən?
– Hazırda komandadayam və burda qalacam. Çünki “Qəbələ” ilə müqaviləm davam edir. Mövsümün sonuna qədər burdayam. Ümid edirəm ki, hər şey mənim üçün yaxşı olacaq.
– Qış fasiləsində yenidən İsrailə gedə bilərdin. Nə baş verdi ki, keçidin alınmadı?
– İsrail klublarının birindən təklif var idi, lakin ortada kiçik bir anlaşılmazlıq oldu, razılaşma alınmadı. Bu səbəbdən hər şey dayandı.
FƏRİD