“Əvvəllər onu “Tolik” adlandırardıq, indi isə belə ad hörmətli sayılmaz. Bu gün Anatoli Andreyeviçin anadan olmasından 75 il ötür. Artıq 23 ildir bizimlə birgə olmasa da, insanların onu xatırlamaları mənə çox xoşdur”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya deyib.
Xanımı A.Banişevskinin xatirəsinin ildən-ilə daha da möhkəmləndiyini bildirib. “Baxmayaraq ki, veteranlar da, onu yaxından tanıyanlar da az qalıb. Lakin insanlarla danışanda elə təəssürat yaranır ki, sanki hamı şəxsən tanıyır. Təkcə meydanda deyil, meydandan kənarda da bax, belə insan olub! Ona üz tutanların, şəxsən tanıyıb-tanımamasından asılı olmayaraq, hamısına kömək edib. Buna görə də, şəhərdə hər kəs Banişevskini özlərinə yaxın adam hesab edirlər. Əlbəttə, bu, çox xoşdur. O, həqiqətən də vətənpərvər idi. Bildiyim qədər onu dəvət aldığı Mosvka və Kiyev “Dinamo”sunda, MOİK-də oynamaq cəlb etmirdi. Özü sözsüz ki, yalnız burada oynamaq istəyirdi. Hətta “Neftçi”nin güclülər dəstəsində oynamadığı dövrdə belə. Onun üçün doğma şəhərində çıxış etmək əsas məsələ idi. Hətta SSRI yığmasına dəvət alması da ona öz şəhərində, öz insanları arasında olmaqdan önəmli deyildi”.
İ.Banişevskaya A.Banişevski ilə bağlı xatirələrini də bölüşüb: “Əlbəttə, onun yoxluğu bizim üçün böyük itkidir. 4 nəvəmiz var, artıq onlar böyüyüblər. Biri onsuz dünyaya gəlib. Böyük nəvəsini çox sevirdi. Bilirik ki, valideynlərin qızlara daha titrək münasibəti olur. İl yarım və 1 yaşında olan oğlan nəvələrini də gördü, əlinə götürdü. Oğlan uşaqları da görmək onun arzusu idi. Nəvələrindən biri olan Əli Anatoli Andreyeviçin ənənələrini davam etdirir. Düzdür, o, Kiyevdə aşağı liqa komandalarının birində çıxış edir. Artıq orada ailə qurub, evlənib və yenə Banişevski soyadını daşıyır. Digər nəvəmiz idman sahəsində deyil, amma çox yaxşı oğlandır və bizimlə birlikdədir. Bu gün Anatoli Banişevskini ziyarət edəndə də birgə idik. Şübhəsiz ki, bizim üçün onun yeri çox görünür. O, hamıya kimliyindən asılı olmayaraq, kömək edirdi. Amma belə görünür ki, özününkülərə də kömək lazımdır. Özüm kömək xahiş edə bilmərəm. Mənim kömək istəməyim uyğun olmaz. Amma nəvələri belə babası ola-ola, dəstəyə ehtiyac duyurlar. İstənilən halda Allah özü kömək edir. Allaha şükür, bizdə hər şey yaxşıdır”.
Həyat yoldaşı deyib ki, nəvəsi Əli Banişevski də onun davamçısı olmaq istəyir: “Təbii ki, babası kimi deyil, amma demək olar ki, topla doğulub. Yalnız o, futbol oynamaq istəyir. Kiyevdə olarkən də futbol oynamağı çox istəyir. İndi ailəli olduğu vaxt özünə demişəm ki, bəlkə digər sahəyə keçəsən. Hər halda ailəni də dolandırmaq lazımdır. Lakin özünü futbolsuz təsəvvür etmir. Uşaqlıqdan daim topla oynayıb. İndi də babasının ənənəsini davam etdirmək niyyətindədir. Çünki genlərində var”.
Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski “ağ-qaralar”ın heyətində (1964 – 1973, 1975 – 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”ni mərhum forvardı “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984 – 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.